"Multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır. Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq".
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zaman deyib.
Nazir bildirib ki, 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olan Bakı Bəyannaməsini qəbul etdi: "Forumun mövzuları və alt-mövzuları inklüziv cəmiyyətləri davamlı inkişafın əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb. Foruma dövlət və hökumət başçıları, rəsmi şəxslər, elm xadimləri, mütəxəssislər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla, 4000-dən çox iştirakçı qatılmışdı".
"Yenilənmiş Avropa Qonşuluq Siyasəti sabitliyi Avropa Qonşuluğunun bir çox tərəflərində ən təcili çağırış kimi irəli sürmüşdür. Sözün əsl mənasında - əsl sabitləşməni təcili təhlükəsizlik çağırışlarına müraciət etmədən, daha dəqiqi, Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin nizamlanmasına nail olmadan təsəvvür etmək mümkün deyildir". Bunu da Elmar Məmmədyarov deyib.
Nazir deyib ki, 16 may tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi: "Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı "status-kvo" zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, status kvo etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır".
E.Məmmədyarov deyib ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər: "Buna baxmayaraq, Azərbaycanı "çirkli bombalar" ilə hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir".
"Biz fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayırıq. Bu sənəd Avropa İttifaqının Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaqdır" – deyə Azərbaycan xarici işlər naziri bildirib.
E.Məmmədyarov bildirib ki, Azərbaycan həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib: "Bir il əvvəl Azərbaycan Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim etmişdir. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaqdır. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərinin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olmuşdur. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və Strateji Tərəfdaşlıq Sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcəkdir.
Hazırda, biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin, biz Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə də hazırıq".
Nazir deyib ki, yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasının əhəmiyyətini bir daha təsdiq etdi: "Bu möhtəşəm layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Bu yaxınlarda Bakıda keçirilmiş, Federika Moqerini və Maros Sefçoviçin iştirak etdiyi Məsləhət Şurasının 2-ci Nazirlər Görüşü dəyəri milyardlarla ölçülən bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik ismarışını verdi. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz-kəmərinin təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoydu. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır".