Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminə riayət etməsinə, etimadın möhkəmləndirilməsi üzrə mühüm tədbirlərin işə salınmasına və gələn ay hərtərəfli nizamlanmaya gətirib çıxara bilən danışıqlar prosesinə başlamasına dair öhdəliklər götürüblər. Trend-in məlumatına görə, bunu ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib.
Prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bu bölgədə yaşayan bütün insanlara fayda verə bilən tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər.
"Birləşmiş Ştatlar öz tərəfindən onlara bu işdə kömək etməyə hazır olacaq", - deyə Kirbi bildirib.
Kirbi deyib ki, bu müsbət görüş və düzgün istiqamətdə atılmış addım idi.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ hökuməti çox ümidlidir ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün iyun görüşü Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə gətirib çıxaracaq”. APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu isə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills İrəvanda keçirilən ABŞ-Ermənistan biznes forumu zamanı jurnalistlərə açıqlamasında deyib. Diplomatın fikrincə, Vyanadan gələn xəbərlər ümidverici olub: "Hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqlədikləri üçün nailiyyət əldə olunub”.
Təmas xəttində insidentlərin araşdırılması mexanizmini yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir bunun tərəflərin xoş iradə və hazırlıqlarının göstəricisi olduğunu bildirib: "Minsk Qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırki tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”.