"Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər”. APA-nın xəbərinə görə, bu barədə Rusiyanın "İnterfaks” agentliyi məlumat yayıb.
"İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq”, - deyə agentlik qeyd edib.
Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.
APA-nın əldə etdiyi məlumata görə, görüşdə həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənilir.
"Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşə biləcəyini təsdiqləyirlər”. Bu barədə isə "RİA Novosti”yə diplomatik mənbə bildirib.
"Bəli, biz belə bir görüşün mümkünlüyünü təsdiqləyirik. Görüş iki ölkə prezidenti və Rusiya, ABŞ, Fransa xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılır”, - deyə mənbə söyləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı sualı cavablandırıb. O, deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır.
O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.
"Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır”. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: "Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.
M. Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.
Bu arada, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çağırır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir.
Məlumatda qeyd ediir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tam sadiq olaraq qalırlar.
Bəyanatda bildirilir ki, gərginliyi azaltmaq üçün (qoşunların təmas xəttində) Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün vaxtı çatıb. Həmsədr ölkələrin XİN rəhbərləri gələn həftə Vyanada görüşün təşkilinə kömək etməyə hazırdırlar.
Bəyanatda danışıqlar prosesinin vacibliyi vurğulanır və qeyd edilir ki, göstərilən münaqişənin hərbi həll yolu yoxdur.