Tehran ABŞ-ın İrana məxsus dondurulmuş 2 milyard dollar vəsaitə əl qoymasına qarşı iddia ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə göndərməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani açıqlama verib.
Ruhani, Vaşinqton rəhbərliyini hədəf alaraq, "İran milləti və Mərkəzi Bankına aid olan bu pulun Amerikanın boğazından rahatca keçməsinə icazə verməyəcəyik" – deyə bildirib.
İddia ərizəsini yaxınlarda məhkəməyə göndərəcəklərini deyən Ruhani bildirib ki, millətin pulunu millətin xəzinəsinə qaytarmaq üçün əllərindən gələni edəcəklər.
İran parlamentini sədri Əli Laricani də ABŞ-ın İranın əmlakına əl qoymasına toxunaraq, bunun bütün beynəlxalq qanunlara zidd və soyğunçulu olduğunu deyib: "ABŞ-ın bu hərəkəti cavabsız qalmamalıdır. Xarici İşlər Nazirliyi də amerikalıların bu hərəkətini Beynəlxalq Cinayət Məhkəməsinə çıxarmalıdır".
Xatırladaq ki, ABŞ Mərkəzi Bankı İrana dondurulmuş aktivlərini qaytarmaqdan imtina edib. Bankın fikrincə, bu vəsaitlər 1983-cü ildə Beyrutda törədilmiş partlayışlar və digər terror aktlarından zərər çəkmiş amerikalı ailələrin hesabına köçürülməlidir.
ABŞ Ali Məhkəməsi müxtəlif terror hücumlarında həyatını itirənlərin ailələrinə ödənməsi üçün keçən ay İranın ABŞ-dakı təxminən 2 milyard dollar dəyərindəki əmlakına əl qoymuşdu.
Bu arada, İran ABŞ-ı Hörmüz boğazındakı keçidlərini bağlamaqla hədələyib. Belə ki, İran uzun müddətdir Hürmüz Boğazı ətrafında hərbi manevrlər keçirərək neft qiymətlərinə də təsir edən ABŞ-ı boğaz keçidlərini bağlamaqla təhdid edib.
İran inqilab keşikçiləri ordusunun rəsmilərindən Hüseyn Salami ABŞ və müttəfiqlərinin bölgədə keçirdiyi manevrlərin İran rejimini "təhdid" etdiyini deyib: "Əgər amerikalılar və bölgədəki müttəfiqləri Hürmüz boğazından keçmək və bizi təhdid etmək istəyirlərsə, keçişlərinə icazə vermərik. Boğazdan bizə qarşı zərərli və pis niyyətli keçişlərə qarşılıq verə bilərik".