"Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında son aprel hadisələrinin Azərbaycan Ordusunun regionda ən güclü ordulardan biri olduğunu göstərdiyini söylədi. Bu aprel hadisələri sanki münaqişənin istiqamətini dəyişdi. Azərbaycan bu gün artıq güc nümayiş etdirən tərəf kimi şərtlərini diktə etməyə qadirdir. Azərbaycan Ordusunun bugünkü inkişafı buna gətirib çıxarıb".
Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə istər milli təhlükəsizlik, istərsə də dövlətçilik baxımından Azərbaycan üçün ən böyük təhdidlərdən biri məhz erməni terrorizmi olacaq. Bu təhdidin qarşısını almaq üçün ilk növbədə güclü orduya malik olmaq əsas şərtlərdən biridir: "Bu məsələni Prezident İlham Əliyev daim diqqətdə saxlayır. Orduya ayrılan büdcə məbləği artırılır. Digət tərəfdən, alınan silahların hamısı yüksək keyfiyyətli, müasirdir".
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif addımların atıldığını xatırladan A.Nağıyev deyib ki, münaqişənin həlli üçün təklif edilən bütün prinsiplərin - istər Madrid, istər Paris, istərsə də Kazan prinsipinin əsasında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dayanmalıdır.
Politoloq hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra millətin öz müqəddəratını təyin etməsi hüququnun təmin olunması istiqamətində müvafiq addımlar atmaq olar: "Hazırkı məqamlardan ən əsası, istər sülh, istərsə də diplomatik yolla olsun, Ermənistana güc nümayiş etdirməklə onu danışıqlar masasına əyləşdirməkdir. Buna da nail olmaq üçün çox güclü orduya malik olmaq lazımdır. Çünki bu gün yalnız Ermənistanla Azərbaycan üz-üzə qalsa, münaqişəni həll etmək o qədər də böyük problem olmaz. Lakin Ermənistanın böyük havadarları var. Rusiya kimi bir dövlətin Ermənistan ərazisində müasir hərbi bazaları var. Buna görə də bunların hamısını həll etmək üçün güclü ordunun olması vacibdir. Güclü ordunun olması məhz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən mühüm amildir. Bu terrorçuları, işğalçıları danışıqlar masasına əyləşdirmək üçün onlara güc nümayiş etdirmək lazımdır. Düşünürəm ki, bunu da Prezident İlham Əliyev çox aydın şəkildə görür. Dövlət başçısı ordu quruculuğunun inkişafının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri amilini həmişə birinci şərt kimi nəzərə alır".
A.Nağıyev deyib ki, Azərbaycan Ordusunun gücü ilə yanaşı, xalqda ruh yüksəkliyinin, qələbə əzminin olduğu da dünyaya nümayiş etdirildi.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın dünyaya ordumuzun insan itkisi vermədən, hərbi texnikaları NATO standartlarına uyğun, uzaq məsafədən idarəetmə metodu ilə, yüksək bacarıqla idarə etdiyini nümayiş etdirə bilməsi oldu.