Tural Abbaslı Müsavat Partiyasından istefa verib. Bu barədə APA-ya T. Abbaslı özü bildirib.
O, istefa ərizəsinin mətnini də açıqlayıb, istefasını Müsavatın sonuncu qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib: "Biz ailəlikcə müsavatçı olmuşuq. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə qalib ideologiya olacağına, mövcud durumu dəyişərək demokratik cəmiyyət quracağına inanmışıq. Təəssüf ki, bu inancımız Müsavat Partiyasının son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!”
"Tural Abbaslı Müsavat Partiyasından çoxdan istefa verməli idi”. Bunu isə Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib.
O bildirib ki, T. Abbaslı partiya üzvü olmasına baxmayaraq, bütün fəaliyyətini Müsavata qarşı yönəldib: "Artıq istefasını rəsmiləşdiribsə, mən bu addımı alqışlayıram. İndiyədək istefa verməməyinə çox bəsit əsaslar gətirirdi, nəhayət, istefa verdi. Buna görə ona öz təşəkkürümü bildirirəm”.