Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri kövrək atəşkəsi poza biləcək addımlardan qaçınacaqlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ermənistan Moskva ilə "Dağlıq Qarabağın müstəqilliyinin" tanınması haqqında məsələni müzakirə etməyib.
D.Peskov bildirib: "Bu kontekstdə qəbul edilən qərarları diqqətlə izləyirik. Yenə də ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri kövrək atəşkəsi pozaraq regionda gərginliyin eskalasiyasına gətirib çıxara biləcək addımlardan qaçınacaqlar".
"İrəvan həmişə Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı olub. Bu mövqe Azərbaycan tərəfinin mövqeyinə ziddir və tərəfləri nizamlanmaya yaxınlaşdırmır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu isə RBK-ya açıqlamasında Ermənistan parlamenti deputatlarının "DQR"in tanınması haqqında hazırladıqları qanun layihəsinə münasibət bildirən Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.
"Məlum qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər. Bu qərar təmas xəttində zorakılığın eskalasiyasına gətirib çıxara bilər, bu isə qəbuledilməzdir", - deyə o vurğulayıb.