Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, xarici siyasət idarələrinin başçıları danışıqları zamanı Suriyada vəziyyətin siyasi həllinin perspektivlərinin müzakirəsini davam etdiriblər.
Vurğulanır ki, Lavrov və Kerri danışıqlar zamanı Rusiya və ABŞ-ın dəstəyi ilə Suriyada müəyyən olunmuş atəşkəs rejiminə tərəfləri dönmədən əməl etməyə çağırıblar.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı bildirib ki, Sergey Lavrov və Con Kerri telefon danışıqları zamanı vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əmin-amanlığın bərpası üçün səyləri davam etdirmək lazımdır: "Onlar həmçinin Dağlıq Qarabağı, orada yaranan münaqişəni və tərəflər arasında əmin-amanlığın daha yaxşı şəkildə bərpası üçün səyləri davam etdirməyin lazım olduğunu müzakirə ediblər".