Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox mürəkkəbdir. Bu, böyük insan faciəsidir. Bunu Trend-ə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib.
A.Qut Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirilməsi nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələri ilə tanış olmaq üçün cəbhə bölgəsinə səfər edib.
Ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanlar demək olar ki, normal həyatdan məhrum edilib: "Cəbhəyanı kəndlərin sakinləri normal yaşaya və öz uşaqlarını tərbiyə edə bilmirlər, onlar daim raket və artilleriya atəşi altındadırlar. Bu, çox çətindir. Mən bir israilli olaraq həmin insanları yaxşı başa düşürəm, biz raket və artilleriya atəşi altında yaşamağın nə olduğunu yaxşı bilirik. Əlbəttə ki, vəziyyəti dəyişmək lazımdır".