Azərbaycan və Malta gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər danışıqların yekunu üzrə 3 sənəd imzalayıblar: "Sənədlər gömrük, gənclər siyasəti sahələrində əməkdaşlığı və iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr haqqında müqaviləni əhatə edir.
E.Məmmədyarov qeyd edib ki, gələn il Malta Avropa İttifaqı Şurasında sədrlik edəcək və iki ölkə, həmçinin enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
C.Vela isə qeyd edib ki, iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlayacaq: "Hər iki ölkə üçün qarşılıqlı mənfəətli ola biləcək əməkdaşlığın çoxlu perspektivləri var. Malta iqtisadi sahədə əməkdaşlıq etmək üçün uyğun ölkədir. Fürsətdən istifadə edərək Azərbaycanın iş adamlarını Malta ilə əməkdaşlıq qurmağa dəvət edirəm".
Elmar Məmmədyarov bildirib ki, gələn ay Avropa şəhərlərinin birində, çox güman ki, Brüsseldə Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırırıq: "Dəqiq tarix sonra müəyyən ediləcək. Azərbaycan heç vaxt danışıqlar prosesindən imtina etməyib".
Ermənistan Prezidenti Serj Sarkiysanın danışıqların bərpa edilməsi şərtləri barədə bəyanatını şərh edən nazir deyib ki, hər hansı şərt irəli sürməklə sülhə nail olmaq mümkün deyil: "Kimsə Yerevanda hər hansı şərt irəli sürərək danışıqlar prosesini davam etdirə və status-kvonu qoruya biləcəyini düşünürsə, o səhv edir".
E.Məmmədyarov əlavə edib ki, Ermənistan öz fəaliyyəti ilə 1994-1995-ci il tarixli atəşkəs rejimi haqqında sazişi təhlükə altına salır: "Ermənilər başa düşməlidirlər ki, hərbi yolla münaqişənin nizamlanmasına nail olmaq mümkün deyil, lakin bu o demək deyil ki, danışıqlar həmişəlik davam edə bilər".
Onun sözlərinə görə, Azərbaycan öz mövqelərinə möhkəm sadiqdir: "BMT TŞ-nin qətnamələrinə qeyd-şərtsiz əməl olunmalıdır, ilk növbədə Ermənistan silahlı qüvvələri işğal edilmiş əraziləri tərk etməlidirlər. Yalnız bundan sonra məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların bərpa edilməsi və s. kimi qalan bütün bəndlər üzrə danışıqlara başlamaq olar".
E.Məmmədyarov qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir (APA). Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: "Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.