"Əgər biz dünyada olan problemləri nəzərə almasaq və qərarlar verməsək heç bir nəticə əldə edə bilmərik". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib.
N.Məmmədov bildirib ki, dünyada proseslər siyasi iddialarla idarə edilir: "Dünyada münaqişələrin həlli üçün müxtəlif yanaşmalar var".
N.Məmmədov qeyd edib ki ki, vaxtilə dünyada 10-a qədər münaqişə var idi, lakin bu gün münaqişələrin sayı 50-ni ötüb.
N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir.
N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur: "Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir".
N.Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi var: "Amma heç kim bununla bağlı danışmır. Bu cür ədalətsiz yanaşmaya görə də dünyanın bir çox regionlarında gərgin vəziyyət mövcuddur. Dünya üçün bu heç də yaxşı hal deyil".
PA rəsmisi əlavə edib ki, beynəlxalq münasibətlərin iştirakçıları getdikcə artır.
N.Məmmədov qeyd edib ki, beynəlxalq KİV-lərin də öz maraqları var, onlar da artıq beynəlxalq münasibətlərin iştirakçılarına çevrilir: "Biz ədalət istəyirik, ancaq bu baş vermir, çünki aparıcı dövlətlər bunu istəmir".
"Beynəlxalq hüququn tətbiq olunması hər dövlətin istədiyini etməsindən yaxşı olardı”
"Azərbaycan müstəqillik əldə edəndən bəri dünyada həm siyasi, iqtisadi və digər sahələrdə beynəlxalq əməkdaşlığın qurulmasına öz töhfəsini verib" – deyə Novruz Məmmədov bildirib.
N.Məmmədov bildirib ki, Azərbaycan bugünki Qlobal forum kimi çox tədbirlərə ev sahibliyi edib: "Biz bu gün keçirilən tədbirlərdən çox keçirmişik. Sivilizasiyalar Alyansı keçirilən zaman bir məsələ haqqında düşünməliyik. Alyans bir neçə il bundan əvvəl yaranıb. Nə üçün yaranıb? Ümumiyyətlə, BMT-nin məqsədi nədir? Bu təşkilat İkinci Dünya Müharibəsindən sonra yaradıldı ki, dünyada sülhün bərqərar olunmasına töhfə versin. Bu qurum öz missiyasını yerinə yetirə bilmədiyi üçün Alyansın yaradılmasına ehtiyac yarandı. Elə buna görə də BMT-nin özü ilə bağlı deyirlər ki, nə danışırsan, bilirik bu təşkilat nəyə xidmət edir? Nəyə görə belə fikir olmalıdır?"
N.Məmmədov bildirib ki, ümumiyyətlə son vaxtlarda regional və başqa təşkilatların yaranması halları çoxalıb: "Amma nəticədə biz bugünki beynəlxalq gərginliyi əldə etmişik. Beynəlxalq hüquq heç olmasa nisbi tətbiq olunsaydı, bəlkə belə olmzadı. Beynəlxalq hüququn tətbiq olunması hər dövlətin istədiyini etməsindən yaxşı olardı".
PA rəsmisi bildirib ki, BMT Dağlıq Qarabağ məsələsini ATƏT-ə həvalə edib: "Amma ATƏT bunu götürüb 3 həmsədr ölkəyə verib. Bunlar isə dünyaya elan edirlər ki, heç kim bu məsələ haqqında danışa bilməz".
N.Məmmədov bildirib ki, ay yarım bundan əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı bir məsələni müzakirəyə çıxarmışdı: "O müzakirələrdən əvvəl həmsədrlər Avropa ölkələrinə göstəriş verdilər ki, bunun əleyhinə çıxış edin. Görürsünüz necə beynəlxalq hüquq var?! Üç həmsədr AŞPA-ya göstəriş verdilər və onlar da bunu yerinə yetirdilər".
N.Məmmədov bildirib ki, Ermənistanın Dağlıq Qarabağ ətrafında olan 7 rayona iddiası yoxdur: "Heç olmasa, bununla bağlı beynəlxalq hüququ yada salan yoxdur. Bu cür yanaşmaya görə də vəziyyət belə gərginləşib. "Ümid edək ki, axırda yaxşı olacaq".