ABŞ Baş qərargah rəisi Cozef Dunford Rusiyanın Suriyada Əsəd rejimini gücləndirdiyini deyir.
Baki-xeber.com xəbər verir ki, Dunford Vaşinqtonda qatıldığı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) konfransında Rusiyanın Suriyadakı rolundan danışıb.
Onun sözlərinə görə, Rusiya İŞİD-lə mübarizə aparmaq üçün girdiyi Suriyada, Əsəd rejimini dəstəkləyərək onu təkrar gücləndirdi: "Həqiqəti desək, Əsəd rejimi keçən il iyul ya da avqust ayında pis vəziyyətdə idi və indi isə təkrar öz gücünü təmin etmiş vəziyyətdədir".
"Qarşımıza isə belə bir sual çıxır; Rusiya niyə oraya girmişdi? Dediklərinə görə, İŞİD-ə qarşı mübarizə aparacaqdılar. İndi isə Suriyadan çəkildiklərini deyirlər. Mənə görə, İŞİD-ə qarşı hələ mübarizə davam etməlidir. Suriyaya hansı məqsədlə girdiklərindən əmin deyiləm. Lakin qətiliklə Əsədin gücləndirmək mövzusunda təsirli oldular" – deyə Dunford bildirib.
Bu arada, Bəşər Əsəd bildirib ki, Suriyanın yeni konstitusiyasının ilkin layihəsi bir neçə həftə ərzində hazır ola bilər. O, deyib ki, ABŞ dövlət katibi Con Kerri tərəfindən təklif olunan yeni konstitusiyanın hazırlanmasına avqust ayına kimi vaxt var.
Daha əvvəl Moskvadakı danışıqlardan sonra C.Kerri bəyan etmişdi ki, Rusiya və ABŞ bu ilin avqustuna kimi Suriyada siyasi keçid üçün əsaslar və yeni ölkə konstitusiyasının ilkin variantını hazırlamaq barədə razılığa gəliblər.