İranın keçmiş prezidenti Məhəmməd Xatəminin sözçüsü, İslami İran Ortaq Cəbhəsi Partiyasının baş katibi Abdullah Ramazanzadə Rusiyanı İrana xəyanət etməkdə suçlayıb.
Baki-xeber.com xəbər verir ki, Ramazanzadə Rusiyanı sərt tənqid edib və bildirib ki, "Rusiyanın ipi ilə quyuya enilməz”.
O, Rusiya prezidenti Vladimir Putinin son Tehran səfərində dediyi "Rusiya dostlarını kürəyindən bıçaqlamaz" sözünü xatırladaraq, bunun həqiqət olmadığını deyib. Ramazanzadə, Putinin bu sözündən sonra Rusiyanın İran əleyhinə bir neçə addım atdığını qeyd edib: "Rusiya, Səudiyyə Ərəbistanı və Qətərlə İranın əleyhinə neftlə bağlı razılaşmağa əldə etdi, S-300 havadan müdafiə sistemlərini Tehrana verməkdən yayınır və İranla koordinasiya edilmədən öz hərbi qüvvələrini Suriyadan geri çəkdi".
"Rusiyanın ipi ilə quyuya enilməz” sözünün, iki qardaşını İran-Rusiya müharibəsində (1826-1828) itirən nənəsindən ona miras qaldığını ifadə edən Ramazanzadə bildirib ki, Rusiyanın İran-İraq müharibəsində ən yaxşı döyüş təyyarələrini, tank və raketlərini Səddama verdiyini hələ də unuda bilmirik.