ABŞ-da demokratların prezidentliyə ən güclü namizədi kimi kampaniyasını davam etdirən Hillari Klintonun namizədliyi ciddi təhlükə ilə üzləşir. Baki-xeber.com xəbər verir ki, buna səbəbi isə Klintonun ABŞ dövlət katibi olduğu dövrdə Dövlət Departamentinin rəsmi elektron ünvanı yerinə öz fərdi ünvanını istifadə etməsidir.
Bəzi rəmilərə görə, Amerika Federal Təhqiqat Bürosu elektron ünvanında bəzi yazışmaların çox həssas olmasından dolayı Klintona qarşı iddia qaldıra bilər. Bu isə, ölkənin ilk qadın prezidenti olmağa çox yaxın olan Klintonun namizəd ola bilməyəcəyi mənasına gəlir.
Klintonun dövlət katibi olduğu dövrdə fərdi elektron hesabından istifadə etdiyi ortaya çıxmışdı. Bunun üstü açıldıqdan sonra Klinton ümumilikdə 55 min səhifə olan yazışmalarını Dövlət Departamentinə təslim edib. Vaşinqtondakı bir federal hakim isə Klintonun sözügedən yazışmalarının hər 30 gündən bir ictimaiyyətə açıqlanmasının vacibliyi barədə qərar vermişdi. Həmin vaxt Dövlət Departamenti isə yazışmaların nəzərdən keçiriləcəyini bildirmişdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirby bu yazışmalardan 22-nin heç bir şəkildə yayınlanmayacağını bildirib. Kirby ümumilikdə 37 səhifə olan bu yazışmaların, ilk göndərildiyi zaman "çox gizli" kimi təsnif olunduğunu, indi də kəşfiyyat tərəfindən araşdırılaraq "çox gizli" olduğuna qərar verildiyini bildirib. Kirby yayımlanmayacaq yazışmalar arasında Klintonla prezident Barak Obamanın yazışmalarının da olduğunu qeyd edib.
Bu yazışmalarla bağlı ABŞ üçün ən təhlükəlisi isə onların Çin, İran və Rusiyanın əlinə keçməsi ehtimalının yüksək olmasıdır. "Washington Post” qəzeti yazır ki, Rusiya, Çin və İranın bu "gizli" deyə bildirilən yazışmaları çoxdan ələ keçirdiyi düşünülür. Əgər bu məlumat təsdiqlənərsə, Klintonun Dövlət Departamentinin elektron yazışma sistemini istifadə etmək əvəzinə şəxsi ünvanını istifadə etməsinin Amerika tarixindəki ən pis kəşfiyyat fəlakəti ola biləcəyinə diqqət çəkilir.
Dövlət Departamentinin açıqlamasının ardından ABŞ Konqresinin üzvü Darrel İssa "Washington Examiner” jurnalına bildirib ki, Federal Təhlükəsizlik Bürosu (FTB) həm Klinton həm də köməkçisi Huma Abedin mühakimə olunmasını tələb edə bilər. Bu isə Klintonun prezidentlik yarışına qatılmaq şansını təhlükəyə atır. Darrel Issa da bu halda Hillari Klintonun prezident seçkilərinə qatılmasının mümkün olmadığına diqqət çəkir.
Hillari Klintonun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klinton bu günə bir çoxlarının cinayət kimi dəyərləndirdiyi mühakimədən xilas olmağı bacarmışdı. Ancaq bu son hadisədə Hillari Klintonun o qədər də şanslı olmadığı deyilir.
Onu da qeyd edək ki, Obama rəhbərliyinin ölkənin ilk qadın prezidenti olmağa çox yaxın olan xanım Klintonun mühakimə olunmasında istəksiz ola biləcəyi bildirilir. Ancaq digər tərəfdən ona qarşı dəlillərin də çox güclü olduğu vurğulanır.