ABŞ Rusiya lideri Vladimir Putini ilk dəfə korrupsiya günahlandırıb. Belə ki, ABŞ Maliyə Nazirliyi Putini "korlanmış" bir lider olaraq xarakterizə edib.
Baki-xeber.com xəbər verir ki, Maliyyə Nazirliyinin xarici investisiyalardan məsul şəxsi Adam Szubin BBC-yə açıqlamasında Putinin "korlanmış" lider olduğunu iddia edib və Amerika rəhbərliyinin bunu "uzun illərdir" bildiyini deyib.
Szubin Putinin dövlət büdcəsindən istifadə edərək dostlarını, yaxın ətrafını zənginləşdirdiyini, dost görmədiklərini isə təqib etdiyini bildirib: "O, Rusiyanın enerji və dövlət layihələrini özünə yaxın adamlara verir. Ona xidmət etməyənləri isə bu layihələrdən kənarlaşdırır. Məncə bu tamamilə korrupsiya görüntüsüdür".
ABŞ 2014-cü ildə Kremlindəki bəzi vəzifəli şəxslərə sanksiya tətbiq edərkən Putinin enerji sektorunda gizli sərmayələri olduğunu iddia etmişdi. Ancaq amerikalılar həmin vaxt Putini birbaşa korrupsiyada suçlamamışdı.
İngiltərədə yaşayan zəngin rus iş adamı, "Çelsi” futbol klubunun sahibi Roman Abromoviçin 2002-ci ildə Putinə 35 milyon dollarlıq bir yaxta hədiyyə etdiyinə dair xəbərlər yayılıb.
Bir dövrdə Rusiyada dövlətə aid gəmiçilik şirkəti "Sovkomflot”u işlədən Dmitri Skarqa BBC-yə açıqlamasında 57 metr uzunluğundakı "Olympia” adlı yaxtanın onun təhvil aldığını bildirib: "Abramoviç yaxtanı bir işçisi vasitəsilə Putinə təhvil verdi. 2002-ci ildə martın sonlarında Amsterdamda mən də o yaxtadaydım. Abramoviçin nümayəndəsi də orda idi. O, yaxtanın sahibinin Roman olduğunu dedi".
Skarqaya görə, "Olympia” Putinə bir offşor şirkəti üzərindən verilib. Putin adına yaxtanın idarəsini Skarqa boynuna götürüb və xərclərlə əlaqədar hesabatlar hazırlayıb.
Yaxtanın xərclərinin dövlət büdcəsindən ödəndiyini deyən Dmitri Skarqa, dövlətə deyil, Putinə aid olduğuna görə, gəminin varlığının sirr kimi saxlandığını bildirib.
Ancaq Abramoviçin vəkilləri bu iddianı qəbul etmir, Kremlin sözçüsü iddiaları xəyal məhsulu adlandırır. Vladimir Putin isə BBC-nin bununla bağlı suallara aydınlıq gətirmək üçün görüş təklifini qəbul etməyib.
Szubin, Putinin sərvətinin təxmini 40 milyard dollar olduğunu iddia edən 2007-ci il tarixli CIA hesabatı ilə əlaqədar sualları cavablandırmayıb, ancaq Rusiya liderinin gizli bir sərvəti olduğunu bildirib: "İldə 110 min dollar maaşı olduğu deyilir. Amma bu gerçəyi əks etdirmir. Putin real sərvətini gizləmək mövzusunda yaxşı təcrübəyə malikdir".
Qeyd edək ki, keçən həftə İngiltərədə bir istintaqda 2006-cı ildə Londonda radioaktiv maddə ilə zəhərlənən keçmiş rus kəşfiyyatçısı Aleksandır Litvininkonun ölüm əmrini Putinin verə biləcəyi bildirilmişdi.
Kreml isə bu iddiaları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov ABŞ Maliyyə Nazirliyinin Putinə qarşı korrupsiya ittihamlarının tamamilə uydurma olduğunu bildirib.
Putin 2008-ci ildə Avropanın ən varlı adamı iddiaları ilə bağlı "tamamilə cəfəngiyatdır" demişdi.