Suriyanın Türkiyə ilə sərhəd yaxınlığındakı Kamışlı şəhərində köhnə aerodroma Rusiya hərbçiləri, mühəndisləri gətirilib. Məlumata görə onların sayı təxminən 100 nəfərdir.
Baki-xeber.com xəbər verir ki, kəşfiyyat mənbələrinə istinadən yayılan bu məlumatları Türkiyə Xarici İşlər Naziliyi də təsdiqləyir.
Təhsil naziri Nabi Avcı Xarici İşlər Naziliyinə istinadən bildirib ki, Suriyada rejimin nəzarətində olan yaşayış yerlərində, bölgələrdə rejim ordusu ilə rusların birlikdə hərəkət etdikləri doğrudur: "Kamışlıda da rejim ordusu ilə birlikdə rus hərbçilərinin olduğu da doğrudur. Kamışlıda rejim əsgərləri, rus əsgərləri və PYD birlikdə hərəkət edirlər".
Amerika rəsmilərindən biri bu səfəri "maraqlı” adlandırıb. ABŞ-ın CNN və Fox telekanalları rəsmilərə istinadla bildirir ki, Rusiya, ola bilsin, Suriyanın şimal-şərqində aviabaza tikintisi üçün yer seçir. Rəsmilərin sözlərincə, ancaq bu addım regionda durumu daha da ağırlaşdıra bilər.
Son vaxtlar Rusiyanın Türkiyə ilə münasibətləri pisləşib və Ankara bu obyektin tikintisinə isti yanaşmaya bilər.