Sentyabrın 30-dan bəri müxalif qruplara qarşı hava hücumu keçirən Rusiyanın Bəşər Əsəd rejimi və Suriya kürdlərinin PYD təşkilatının nəzarətində olan Türkiyə ilə sərhəddə Kamışlı şəhərinə 100 əsgər və texniki mütəxəssis göndərib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia kəşfiyyat qaynaqları tərəfindən də təsdiqlənib.
London mərkəzli Suriya İnsan Haqları Təşkilatı bölgədəki fəallara istinadən rus əsgərləri və mühəndislərdən ibarət texniki qrupun Kamışlı şəhərindəki beynəlxalq hava limanına çatdığını bildirir. Təşkilatın açıqlamasına görə, Rusiya müdafiəni artırmaq və aerodromun rus döyüş təyyarələri və yük reaktivlərinin istifadəsi üçün genişləndirilməsilə bağlı hazırlıqlara başlayıb.
Suriya Yerli Koordinasiya Komitəsinin (LCC) açıqlamasında isə bildirilir ki, fərqli rütbəli 100 rus əsgəri bazar ertəsi Suriyaya aid hərbi təyyarə ilə Kamışlı beynəlxalq hava limanına göndərilib. Məlumata görə, əsgərlər buradan PYD və Əsəd ordusunun nəzarətilə Kamışlının cənubunda Terteb Tepesindəki 154-cü alaya aparılıb. Radar, anti-radar sistemləri və topçu batalyonlarının olduğu 154-cü alay Əsəd rejiminin nəzarətində olan Kamışlı havaalanını qoruyur. Anadolu Agentliyinin xəbərinə görə, Rusiya əsgərlərinin PYD-nin deyil, rejimin nəzarətindəki bölgələrdə yerləşdiriləcəyi gözlənilir.
Bölgədəki kürd qaynaqları isə rus əsgərlərinin Kamışlıya gəldiyi iddiasını təkzib edir. Onlar PYD-nin Rusiya ilə təmaslarda olduğunu, ancaq bunun Moskvada reallaşdığını bildirirlər.
"Hürriyyət” qəzetinin məlumatına görə türk kəşfiyyat mənbələri də Türkiyə sərhədinə yaxın Kamışlıya rus əsgərlərinin gəldiyini təsdiqləyib. Kəşfiyyat qaynaqları rus əsgərlərini gətirən təyyarənin Türkiyə radarlarına düşdüyünü bildirirlər, ancaq Kamışlıya nə qədər rus əsgərinin gəldiyinə dair dəqiq bir məlumata sahib deyillər.