Rusiyanın ilhaq etdiyi Krım vilayətinin məhkəməsi Krım tatarlarının lideri Mustafa Cəmilevin (Kırımoğlu) həbsinə order verib. Qərar yanvarın 21-də çıxarılıb.
Baki-xeber.com xəbər verir kiŞ, Kırımoğlunun vəkili Cəmil Temişev mövzu əlaqədar Facebook hesabında yazıb ki, "Krımın Simferopol şəhəri Kiyevskiy rayon məhkəməsinin Rusiaynın daxili kəşfiyyat təşkilatı FSB-nin müraciətinə baxaraq Kırımoğlunun məhkəmələrdəki dinləmələrdə iştirak etmədiyi, şahidlərə təzyiq etmək ehtimalı olduğu, dəlilləri yox edə biləcəyi, başqa bir dövlətin vətəndaşı olduğu və Krımda daimi yaşamadığına görə, Kırımoğlu haqqında qiyabi həbs qərarı çıxarılıb”.
Temişev bildirib ki, Kırımoğlu haqqında Rusiya Federasiyası daxilində axtarış qərarı da çıxarılıb.
Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Krımı Ukraynadan qopardıqdan bir neçə həftə sonra Mustafa Cəmilevin Krıma girməsinə 5 il qadağa qoyub.
Ukrayna parlamentinin deputatı və Krım Tatarlarının lideri Cəmilev dəfələrlə bildirib ki, Krım tatarları heç vaxt yarımadanın Rusiya tərəfindən ilhaq edilməsini tanımayacaq. Hələ keçmiş sovetlər dövründə insan haqları müdafiəçisi kimi tanınan 72 yaşlı Cəmilev 1966-1986-cı illərdə 6 dəfə həbs cəzasına məhkum edilib.