Moldovanın paytaxtı Kişinyovda parlamenti binası qarşısında etirazçılarla polis arasında toqquşma baş verib.
Baki-xeber.com xəbər verir ki, Moldova parlamenti bu gün Avropa tərəfdarı Demokrat Partiyasının namizədi Pavel Filipin baş nazir postuna namizədliyini təsdiqləyib. Filip 101 parlament üzvünün 56-nın səsini alıb.
Ancaq buna qarşı olan müxalifətdəki Sosialist Partiya, Bizim Partiya və mərkəz sağ DA platforması etiraz aksiyasına başlayıb. Etirazçılar parlamentin buraxılmasını və növbədənkənar seçkiyə gedilməsini tələb edir.
Parlament binası ətrafında polis tərəfindən yaradılan təhlükəsizlik kardonunu keçməyi bacaran etirazçılar parlament binasına girməyə cəhd edib.
"İstefa” şüarları ilə parlament binası qarşısında toplaşan etirazçılar binaya girməyə çalışıb. Məhz bundan sonra polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Şərəf və Gerçək platformasının lideri Andrey Nestase isə etirazçıları millət vəkillərinin parlament binasından çıxmasına icazə verməməyə çağırıb.
Parlamentə girən bir qrup etirazçı isə polis tərəfindən saxlanıb. Qarşıdurma zamanı yaralananların olduğu xəbər verilir.