Rusiyada azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu gəmiçilik şirkəti "Palmali Holdinq”ə qarşı iş qaldırılıb. Baki-xeber.com xəbər verir ki, şirkət 1,3 milyard rublu vergidən yayındırmaqda ittiham edilir.
"Regnum” qəzeti yazırr ki, Rusiyanın Rostov-on-Don bölgəsində vergidən yayınmaqda günahlandırılan "Palmali” şirkətinə iddia qaldırılıb. Şirkət 1,3 milyard rubl dəyərində vergini ödəməməkdə ittiham edilir.
Məlumata görə, prokurorlar vergi dairəsinə səhv hesabat verən şirkətin, bu şəkildə 2010-ci ildə 881 milyon rubl 2011-ci ildə isə 401 milyon rublu vergidən yayındırdığını iddia edir.
Xəbərdə Palmali şirkətindən, 1998-ci ildə Türkiyədə qurulmuş "Türk şirkəti" deyə bəhs edilir və şirkətin baş ofisinin də İstanbulda olduğu vurğulanır. Şirkətin Rusiyada ayrıca Volqoqrad, Astraxan, Novorossiysk, Moskva və Sankt Peterburqda və digər ölkələrdə nümayəndəliklərinin olduğu qeyd edilir.