"İran və Azərbaycan neftdən asılılığı azaltmaq istiqamətində ciddi işlər görür”. APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin deyib.
Onun fikrincə, bu məsələdə rəsmi Tehran və Bakının əməkdaşlıq etməsi vacibdir: "Biz neftdən asılılığı azaltmaq üçün bəzi sahələri dirçəltməliyik. Bunlar əsasən, tranzit və yükdaşımalardır. Həmçinin, İran və Azərbaycanda kənd təsərrüfatına böyük diqqət yetirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq edə bilərik.
İran regionun bütün böyük layihələrinə qoşula bilər. Hazırda Dünya Ticarət Təşkilatına üzv olmaqla bağlı müzakirələr aparırıq. Habelə İran mənfəətlərinə uyğun olan bütün ticari və iqtisadi bloklara qoşulacaq. Çalışacağıq ki, regional iqtisadi təşkilatlara qoşulaq”.
Möhsün Pak Ayin deyib ki, Səudiyyə Ərəbistan tələskənlik göstərərək İranla münasibətləri dayandırdı: "Düşünürük ki, Səudiyyə Ərəbistanı terrorçu qruplara dəstək göstərmək kimi keçmiş səhvini aradan qaldırmalıdır”.
O bildirib ki, Səudiyyə Ərəbistanı seçim qarşısındadır: ya terrora dəstək verəcək, ya da region ölkələri ilə yaxşı münasibətlər quracaq: "Əgər Səudiyyə Ərəbistanı rəftarını düzəltsə, İranla dost ola bilər. İran dövləti beynəlxalq koalisiyalardan öncə də terrorizmlə ciddi mübarizə aparırdı. Hazırda "Əl Qaidə”, İŞİD kimi terror qruplarını yaradan ölkələr indi koalisiya yaradıb özlərini terrorla mübarizə aparırmış kimi göstərirlər. Region ölkələri bu kimi koalisiyaları ciddi saymırlar. İran terrorizmlə mübarizə aparan ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Bu gün Suriya, İraq və Yəmənin bir hissəsi terrorla mübarizə aparır. İran da bu dövlətlərin yanındadır”.
İranın Azərbaycandakı səfirinin sözlərinə görə, İsrail İranla əldə edilən razılaşmadan narahatdır”.