ABŞ İranla bağlı beynəlxalq sanksiyaların ləğv edilməsinin üzərindən 1 gün keçməmiş Tehrana qarşı yeni sanksiya tətbiq edib.
Yeni sanksiyalarla İranın nüvə proqramı ilə əlaqəli 11 hüquqi və fiziki şəxsə Amerika bank sistemindən istifadə etmək qadağan edilir. Sanksiyaların bu yaxınlarda İran tərəfindən keçirilmiş ballistik raket sınağı ilə bağlı olduğu deyilir.
Yeni sanksiyalar İran üzərindən nüvə proqramı ilə bağlı bütün beynəlxalq sanksiyaların qaldırılmasından dərhal sonra baş verilib.
Bununla birlikdə ABŞ prezidenti Barak Obama İranla Qərb arasında sanksiyaların ləğvini nəzərə tutan nüvə razılaşmasına dəstək verib.
Diplomatik yollar nələrin mümkün olduğunu bir daha gördük deyən Obama qeyd edib ki, İran nüvə silah əldə edə bilməyəcək.
Ekspertlər bildirirlər ki, İran üzərinə yeni sanksiyaların qoyulmasına ölkənin özü, dəqiq vuran raket sistemlərinin sınağını keçirməklə səbəb olub. ABŞ rəsmiləri bildiriblər ki, İranın ballistik raketləri dünya və region üçün əhəmiyyətli təhlükə təşkil edir.
Beynəlxalq Atom Enerjisi Agentliyiİranın 14 İyulda imzaladığı nüvə razılaşmanın bütün şərtlərini yerinə yetirdiyini bildirib və Birləşmiş Millətlər Təşkilatının da İrana qarşı tətbiq edilən sanksiyaların qaldırıldığını açıqlayıb.
İran üzərindən sanksiyaların qaldırılıması həm Tehran, həm də Vaşinqton tərəfindən alqışlanıb.
Qərarın açıqlama verən İran prezidenti Həsən Ruhani bunu "İran tarixində qızıl bir səhifə" kimi dəyərləndirib.
ABŞ mətbuatı vurğulayır ki, prezident Obama İran üzərindən sanksiyaların qaldırılmasını yeni sanksiyaların tətbiqi elan ediləndən sonra alqışlayıb. Bununla ABŞ hökuməti qaldırılan sanksiyalarla yeni sanksiyalar arasında birbaşa bağlılığın olmadığını nümayiş etdirmək istəyib. Obama İran üzərindən sanksiyaların qaldırıldığı günü "yaxşı gün” adlandırıb. O deyib ki, iki ölkə arasındakı ixtilaflar onların maraqlarına xidmət etmir.
Ekspertlər bildirirlər ki, yeni sanksiyalar İranın Emad ortamənzilli raketlərinin sınağına görə, tətbiq edilib. ABŞ kəşfiyyatı bu raketlərin nüvə başlığı daşımaq qabiliyyətində olduğunu bildirib.
İranın ali rəhbəri ayətullah Əli Xamneyi isə deyib ki, ölkənin raket proqramının onun nüvə faəliyyəti ilə əlaqəsi yoxdur və İran öz müdafiə qüdrətini gücləndirməkdə davam edəcək.