«Qafqaz Rusiya ekspansiyasının yolunda nəhəng səddir». "Azadlıq radiosu” xəbər verir ki, bu barədə «Stratfor» Araşdırmalar Mərkəzi təhlil dərc edib. Yazıda vurğulanır ki, Rusiya tranzit şəbəkələrini və təsir dairəsini cənuba doğru genişləndirmək istəyir, ancaq bu, asan olmayacaq.
«Son 2 ildə Rusiya cidd-cəhdlə magistral və dəmiryolu şəbəkələrini Şimali Qafqaz ərazisindən cənuba, Xəzər dənizinin hər iki tərəfindən İrana tərəf – aşağıya genişləndirməyə çalışır. Moskvanın cənuba genişlənməsinin tutarlı səbəbləri var: beynəlxalq sanksiyalar qaldırılınca, İran iqtisadiyyatı regionda təsiredici rola malik olacaq, Suriyadakı Rusiya əsgərlərinə təchizat çatdırılması üçün etibarlı quru xətti lazımdır və Kreml Türkiyə, Gürcüstan və Azərbaycanın artan iqtisadi və hərbi işbirliyinə qarşı dayanmalıdır» - deyə təhlildə bildirilir.
«Ancaq bütün yollarla İran sərhədinə çatmağı dildə demək asandır. Regionun relyefi çətindir, digər tərəfdən, Rusiyanın Qafqazın tranzit ölkələri içində dostları azdır. Bu faktorlar Rusiyanın regionu tam əhatələyən tranzit sistemi qurmasını çətinləşdirəcək. Ancaq sonucda Moskva ilə Tehran böyük ehtimalla birlikdə işləyəcək ki, Qafqazın ciddi əngəllərinə sinə gəlsin və regionda digər böyük dövlətlərin iştirakını məhdudlaşdırsın».
«Avropa Birliyi Gürcüstanla tərəfdaşlığını uğurla möhkəmləndirib, bir sıra siyasi və iqtisadi sazişlər imzalayıb. Qərbin dəstəklədiyi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu xətti 2015-ci ildə işə salınıb və daha çox Avropa istehlakçısına mal daşıyır. Bununla da Qərb-Şərq iqtisadi dəhlizi getdikcə reallığa yaxınlaşır və Rusiyanın regionda iqtisadi və siyasi təsiri zərbə altında qalır».
«Stratfor» yazır ki, İran da Rusiyanın marağını bölüşür, Qərbin Qafqaza girməsini əngəlləməyə çalışır. Tehran Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamlanmasına çalışır. Gəmi, dəmiryolu və magistral xətlərdən ibarət bu şəbəkə Azərbaycandan keçərək Rusiyanın Qara dəniz limanlarına gedir. İran Qara dəniz sahillərinə Ermənistandan da dəmiryolu çəkməyi planlaşdırır.