İndoneziyanın paytaxtı Cakartada bir necə yerdə ardıcılı partlayışlar törədilib. İlkin məlumatlara görə, hadisələr aralarında kamikadzelərin də olduğu 10-14 nəfərlik qrup tərəfindən törədilib. Terrorçular böyük ticarət mərkəzini, polis məntəqəsini, insanların çox olduğu yerləri və bir sıra ölkələrin, o cümlədən Türkiyə və Pakistan səfirliklərinin yerləşdiyi əraziləri hədəfə alıblar. Şəhərdə polislə yaraqlılar arasında atışma da olub.
Rəsmi açıqlamalara görə, hadisə nəticəsində 10 nəfər ölüb, ancaq "Əlcəzirə”nin yaydığı məlumatda 17 nəfərin öldüyü bildirilir. Məlumata əsasən, ölənlər arasında polis və əcnəbilər də var. Ölənlərdən 4-ü hücum edən şəxslərdəndir. Yaralıların sayı barədə dəqiq məlumatlar yoxdur.
Ölkə prezidenti Cokoy Dudu əhalini sakitliyə çağırıb, durumun nəzarətdə olduğunu bildirib.
Daha əvvəl İŞİD İndoneziyanı terror aktları ilə hədələsə də, Milli Kəşfiyyat İdarəsinin rəhbərliyi hadisədə bu qruplaşmanın əli olması barədə heç bir sübutun olmadığını açıqlayıb.
Ancaq Cakartada törədilən partlayışlara görə cavabdehliyi "İslam Dövləti” qrupunun üzərinə götürdüyü barədə xəbərlər var.
Qeyd edək ki, İndoneziya ən böyük müsəlman ölkəsidir, 255 milyon əhalisi var. Son vaxtlar ölkədə islamçı yaraqlıların fəallaşdığı müşahidə olunur. Polis İslam Dövləti qrupu ilə əlbir olanlara qaşı əməliyyatlar keçirir.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, ilkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur. H.Hacıyev deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.