İran-Səudiyyə gərginliyi isti qarşıdurmaya keçdi, İranın Yəməndəki səfirliyi bombalandı
Şiə din adamı Nimr əl Nimrin edamından sonra Səudiyyə Ərəbistanı ilə İran arasında böyük gərginlik yaşandığı bir vaxtda İran tərəfdən yeni iddia ortaya atılıb.
Baki-xeber.com xəbər verir ki, Tehran Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sanadakı İran səfirliyini döyüş təyyarələrilə bombaladığını, bəzi təhlükəsizlik əməkdaşlarının yaralandığını iddia edir. Hücumun dünən gecə edildiyi bildirilir.
İran Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Cabir Ənsari Yəməndəki İran səfirlik binasını Səudiyyə Ərəbistanı döyüş təyyarələrinin raketlə vurduğunu söyləyərək, hadisəni qınadıqlarını bildirib. Hücumda binanın ziyan gördüyünü və bəzi təhlükəsizlik əməkdaşlarının yaralanıb.
Diplomatik missiya binalarının hər cür şəraitdə toxunulmazlıq hüququ olduğunu deyən Ənsari, Riyad rəhbərliyinin bu hərəkətinin diplomatik missiyaların qorunması ilə bağlı beynəlxalq hüquq qaydalarına zidd olduğunu bildirib.
Yəməndə 2015-ci ildən bəri əməliyyat keçirən və Səudiyyənin liderlik etdiyi koalisiyadan verilən açılamada isə İranın iddiasının araşdırıldığı bildirilib. Koalisiya sözçüsü üsyançı Husilərin tərk edilmiş elçilik binalarından hərbi əməliyyatlarda istifadə etdiyini də bildirib.