Almaniya Türkiyədə yerləşdirilən Patriot raketdən müdafiə sistemlərini çıxarır. Patriotlarla yanaşı burada xidmət edən 260 alman əsgəri də yaxın aylarda Türkiyədən çıxarılacaq. Bunun səbəb kimi isə artıq Suriyadan Türkiyəyə hücum təhdidinin olmaması göstərilir.
Baki-xeber.com xəbər verir ki, Almaniyanın ardınca ABŞ da Türkiyədəki Patriotları geri çəkmək barədə qərar verib. ABŞ Dövlət Departamentindən bildirilib ki, bununla bağlı Türkiyə hökuməti də məlumatlandırılıb.
Türkiyəyə PKK və İŞİD terror təşkilatlarının hücumlarının artdığı bir vaxta ABŞ və Almaniyanın Patriotları geri çəkmək qərarı verməsi ciddi şübhələrə yol acıb.
Almaniyanın "Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti yazır ki, buna Suriya məsələsində Türkiyə ilə Almaniya və ABŞ arasında fikir ayrılığı səbəb olub.
Hərbi mütəxəssisi Rainer Arnold Patriotların geri çəkilməsinə PKK-ya qarşı hava əməliyyatlarının da təsiri olduğunu iddia edir. FAZ da hökumətə yaxın qaynaqlara əsaslanaraq, Türkiyənin PKK-ya qarşı son əməliyyatlarının Patriotların geri çəkilməsinin əsl səbəbi olduğunu yazır. Digər səbəb isə Türkiyənin uzun müddət İŞİD-ə qarşı sərhəddə yetərli tədbirlər görməməsi göstərilir.