Təbriz Musayev: “Bu, Prezidentin incə və uğurlu siyasəti sayəsində mümkün oldu”
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib ki, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinib.
Ölkə başçısı qeyd edib ki, Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək sayəsində buna nail olmuşuq. Onu da qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk Qrupu tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinib.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Azərbaycan öz gücü hesabına Qarabağ münaqişəsini beynəlxalq gündəlikdən sildi: “Prezidentin incə və uğurlu siyasəti sayəsində. Bu, amil xüsusi qeyd edilməlidir. Çünki Moskva eyni vaxtda post-sovet məkanında separatçı münaqişə bölgələrini yaratdı. Qarabağ xaric digər separatçı qurumlar hələ də öz mövcudluğunu qoruyur. Söhbət Abxaziya, Cənubi Osetiya və Dnestryanı separatçı qurumlardan gedir. Üstəlik, Rusiyanın bilavasitə dəstəyi ilə 2014-cü ildə Ukraynanın şərqində separatçı qurum yaradıldı. Nəticədə 8 il sonra Rusiya Ukraynaya qarşı müharibəyə başladı. Bir məqamı da nəzərə almaq lazımdır ki, Qərb digər separatçı qurumlara münasibətdə daha sərt mövqedən çıxış etdiyi halda, erməni separatçılarına daha dözümlü yanaşırdı. Qarabağ separatçıları Ermənistan pasportu ilə Avropa dövlətlərinə, ABŞ-a rahat şəkildə səfər edirdilər. Ona görə də Azərbaycanın Qarabağ münaqişəsini beynəlxalq gündəlikdən silməsi çox böyük uğurdur”.
Vidadi ORDAHALLI