Elşad Həsənov: “Yeni müasir silahların alınması zəruridir”
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib ki, bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir.
Prezident bunu onunla əsaslandırıb ki, hazırkı dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib, dünya silahlanır: “Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Prezidentin toxunduğu məsələlər bir növ bizim qarşıda duran strateji hədəflərimizdir: “Biz öz ərazi bütövlüyümüzü təmin etsək də arxayın ola bilmərik. Ona görə ki, bunu həzm edə bilməyən xarici dairələr var. Haradan əmin olmaq olar ki, digər təhdidlər olmayacaq? Elə bir dünyada yaşayırıq ki, hər an gözlənilməz hadisələr baş verə bilər. Ona görə də bütün bunlardan qorunmağın yolu silahlanmadan keçir. Azərbaycanın döyüş təcrübəsinə malik güclü ordusu olsa da, hərbi taktikalar dəyişir, yeni silahlar yaranır. Bu baxımdan hesab edirəm ki, yeni müasir silahların alınması zəruridir. Çünki dünyada reallıqlar sürətlə dəyişir. Ona görə də biz bütün bunlara uyğun strategiyamızı formalaşdırmalıyıq. Yəni Silahlı Qüvvələrimizi daha da gücləndirməliyik”.
Vidadi ORDAHALLI