Əli Mustafa: “Naxçıvana gedən ən kəsə yol Zəngəzurdan keçir”
Rusiya yaxın vaxtlarda Azərbaycan ərazisindən Ermənistana təkcə taxıl deyil, həm də digər məhsullar, xüsusən gübrələr tədarük etməyi planlaşdırır. Bu ixrac yeni açılmış dəmiryol marşrutu ilə gerçəkləşdiriləcək.
Bunu "Rossiya 24" telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Rusiya taxılının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsini mühüm hadisə adlandırıb.
"30 ildən artıq müddətdə, Ermənistanla Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə olaraq taxıl yüklü qatar hərəkət etdi. Bu, Rusiya taxılı idi, sonra Qazaxıstan taxılı da keçdi və biz bu xəttin digər növ yüklərlə, o cümlədən gübrələrlə yüklənməsi imkanlarını müzakirə edirik" - Overçuk bildirib.
Göründüyü kimi, Rusiya təkcə taxıl deyil, həm də digər məhsulları Azərbaycan üzərindən Ermənistana tədarük etmək istəyir. Ancaq biz hələ də Ermənistan üzərindən Naxçıvana məhsul daşıya bilmirik. Bu nə dərəcədə ədalətlidir?
“Paşinyan Azərbaycana yol təklif edib, amma bu, bizim üçün o qədər də əlverişli deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Azərbaycan neçə müddətdir ki, yüklərin Ermənistana daşınmasına şərait yaradır: “İstər Qazaxıstandan, istər Rusiyadan gələn yüklər Azərbaycan ərazisindən keçməklə Ermənistana çatır. Əlbəttə, Ermənistan da bunu anlayır və bunun fərqindədir. Hesab edirəm ki, onlar da nəhayət Naxçıvanın blokadasının bitməsi üçün ciddi səylər göstərməlidilər, çalışmalıdılar. Əlbəttə, yolun haradan keçməsi də önəmlidir. Məqsədəuyğun odur ki, yol Zəngəzur üzərindən qurulsun. Ona görə ki, məsafə qısadır. Ona görə də erməni tərəfi bizim istəklərimizi nəzərə almalıdır və Azərbaycandan Naxçıvana gedən daha uyğun yolun seçilməsində yardım etməlidilər. Bizim maraqlarımızı görməzdən gəlməməlidilər. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Düzdür, elə məsələlər var ki, Ermənistandan asılı deyil. Ancaq hər halda Ermənistan da Azərbaycanı razı salacaq addımlar atmalıdır. Çünki uzun illərdir ki, Naxçıvan Ermənistanın blokadasından əziyyət çəkir. İran və Türkiyənin ərazisindən keçməklə Naxçıvanın ehtiyacları təmin edilir. Ancaq Azərbaycandan Naxçıvana gedən ən kəsə yol Zəngəzurdan keçir. Düzdür, Paşinyan Azərbaycana yol təklif edib, amma bu, bizim üçün o qədər də əlverişli deyil. Çünki məsafə çox uzanır. Bu zaman təhlükəsizlik risqləri artacaq. Ancaq Zəngəzurdan keçən yol həm qısadır, həm də təhlükəsizdir. O baxımdan bizim üçün ən məqbul variant Zəngəzur yoludur. Ermənistan daha optimal yolun açılması üçün səy göstərməlidir. Yəni konkret praktiki addımlar atmalı və Azərbaycan tərəfinin istəkləri nəzərə alınmalıdır”.
Vidadi ORDAHALLI