Əlcəzair Parlamenti Fransanın 1830-cu ildən 1962-ci ilə qədər olan müstəmləkə dövrünü cinayət hesab edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Səsvermədən sonra deputatlar zalda Əlcəzair bayrağını dalğalandıraraq "Rahat yat, şəhid, mübarizəyə davam" şüarları səsləndiriblər.
Bu, Əlcəzair parlamentinin 130 ildən artıq Fransa müstəmləkəçiliyini cinayət hesab edən qanunu açıq iclasda təsdiqləməsi ilə bağlı ilk faktdır.
Parlament sədri Buqali səsvermədən əvvəl bildirib ki, qanuna Fransa müstəmləkə cinayətlərinin sayılması, Fransa dövlətinin müstəmləkə keçmişindən irəli gələn məsuliyyətinin müəyyən edilməsi, tanınma və üzr istəmə mexanizmlərinin yaradılması və müstəmləkəçiliyi tərifləmək və ya təbliğ etməyin cinayət məsuliyyəti yaradan cəza tədbirləri daxildir.
Mətndə həmçinin, Fransa müstəmləkəçiliyinə aid 30-dan çox cinayət sadalanır. Bunlar arasında Sahara bölgəsində nüvə sınaqları və partlayışları nəticəsində yaranan ətraf mühit və humanitar dağıntılar, mülki şəxslərin öldürülməsi, beynəlxalq səviyyədə qadağan olunmuş silahların istifadəsi və ərazilərin minalanması yer alır.
Əlcəzair-Fransa münasibətləri son aylarda Parisin Qərbi Sahara məsələsi ilə bağlı Mərakeşin təklifini qəbul etməsindən sonra gərginləşib. Əlcəzair bölgə sakinləri üçün öz müqəddəratını təyin etmək hüququnu tələb edən və Mərakeşin muxtariyyət planını rədd edən Polisario Cəbhəsini dəstəkləyir.
Əlcəzair Fransanın 1830-cu illərə uzanan işğalına qarşı 1954-cü ilin noyabrın 1-də müstəqillik uğrunda mübarizəyə başlayıb. Təxminən 1,5 milyon insanın həyatına son qoyan çətin mübarizədən sonra Əlcəzair 1962-ci ildə müstəqilliyini qazanıb.
İnsan hüquqları təşkilatları və tarixçilər Fransanın 1830-cu ildən 1962-ci ilə qədər olan müstəmləkə dövründə əlcəzairlilərə qarşı qırğınlar törətdiyini və yüz minlərlə insanı deportasiya etdiyini bildirirlər. Əlcəzair İnsan Hüquqlarını Müdafiə Liqası müstəmləkə dövründə təxminən 10 milyon insanın öldürüldüyünü qeyd edir.
Fransa Afrikadakı müstəmləkə tarixinin ən son və ən qanlı nümunəsi olan Əlcəzairdəki cinayətlərini hələ də rəsmi olaraq etiraf etmir.
Əlcəzair parlamentinin Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul etməsinə münasibət bildirən bu ölkənin xarici işlər naziri Jan-Noel Barro sənədi “açıq-aşkar düşmən təşəbbüs” kimi qiymətləndirib.
Fransa XİN-in açıqlamasında vurğulanıb ki, bu addım Fransa–Əlcəzair dialoqunun bərpası və iki ölkə arasında tarixi yaddaşla bağlı məsələlərin sakit və konstruktiv müzakirəsi niyyəti ilə ziddiyyət təşkil edir.
Tahir TAĞIYEV