Vüqar Bayramov: “Kompleks və sistemli formada bərpa-quruculuq işləri aparılır”
"Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır”. Bunu Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində sakinlərlə görüşündə deyib:
“Şükür Allaha, torpaqlarımız işğalçılardan azad olundu və bütün keçmiş köçkünlər yavaş-yavaş öz dədə-baba torpaqlarına qayıdırlar, o cümlədən bu gün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edir. Yəni "Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Siz isə uzun illər çətin şəraitdə, həm fiziki, həm mənəvi əzablar içində yaşamısınız. Artıq buna son qoyuldu və 34 ildən sonra doğma Kərkicahana qayıdırsınız. Böyük xoşbəxtlikdir, həm sizin üçün, həm də xalqımız üçün”.
“5 il müddətində yalnız dövlət büdcəsindən işğaldan azad edilən ərazilərimizin bərpasına 23 milyard manat vəsait ayrılıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur intensiv şəkildə bərpa olunur və məskunlaşma həyata keçirilir: “27 illik işğal dövründə tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzurda artıq həyat geri qayıdıb. Zəfərdən keçən 5 il müddətində yalnız dövlət büdcəsindən işğaldan azad edilən ərazilərimizin bərpasına 23 milyard manat vəsait ayrılıb. Eyni zamanda həmin müddətdə 65 mindən çox vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir. Artıq biz işğaldan azad edilən Şərqi Zəngəzurda, Qarabağda və Xankəndidə məskunlaşmanı müşahidə edirik. İntensiv şəkildə vətəndaşlarımızın həmin ərazilərə qayıdışı müşahidə edilir. 2026-cı ildə məskunlaşma prosesi daha sürətlə davam etdiriləcək. Gələn ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımızın məskunlaşıb yaşayacağı gözlənilir. Bu baxımdan Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bərpa edilir, yenidən qurulur. Belə ki, 27 illik işğal nəticəsində xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur bu gün şəhərsalmada, eyni zamanda iqtisadiyyatın formalaşmasında regional modelə çevrilməkdədir. Həqiqətən də dünyanın heç bir yerində işğaldan azad edilən ərazidə belə sürətli bərpa və quruculuq işləri aparılmır. Azərbaycanda bu istiqamətdə işlər daha yüksək səviyyədə həyata keçirilir. Kompleks və sistemli formada bərpa-quruculuq işləri aparılır”.
Vidadi ORDAHALLI