İlyas Hüseynov: “Hazırki zirvə toplantısında ölkə başçısının iştirak etməməsi sadə bir səbəblə izah olunur”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında və dekabrın 22-də MDB dövlət başçılarının eyni şəhərdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyib.
Məlum olduğu kimi, ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında vurulandan sonra Bakı ilə Moskva arasında münasibətlər kəskin pisləşdi. Sonradan Rusiya Prezidenti Vladimir Putinin bu hadisəyə görə üzr istəməsi, zərərçəkənlərə təzminat ödənəcəyini, cinayətkarların cəzalandırılacağını vəd etməsi münasibətlərin normallaşmağa doğru getdiyi təəssüratını yaratmışdı.
Prezident İlham Əliyev MDB-nin zirvə toplantısında iştirak etməməklə hansı mesajı ötürdü? Ölkə başçısının MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirakdan imtina etməsi Kremlin regional siyasəti baxımından necə qiymətləndirilə bilər?
“Rusiya Azərbaycanla daha sıx, daha tərəfdaşlığa meylli münasibətlərin qurulmasında maraqlı olmalıdır”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev mütəmadi olaraq MDB dövlət başçılarının zirvə toplantısında iştirak edib: “Məlumat üçün deyim ki, Prezident İlham Əliyev cari ilin oktyabr ayında Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının sammitdə iştirak etmişdi. Həmin sammitdə Rusiya prezidenti Vladimir Putin ilə ikitərəfli görüş keçirilib. Hazırki zirvə toplantısında ölkə başçısının iştirak etməməsi sadə bir səbəblə izah olunur. Belə ki, Prezident İlham Əliyevin iş qrafiki çox gərgindir, məhz bu səbəbdən o toplantıya qatılmayıb. Bu, rəsmi məlumatlarda da qeyd edilib. Kremlin Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasətində hər hansı bir dəyişikliyin baş verməsi ehtimal edilmir. Əksinə, Rusiya Azərbaycanla daha sıx, daha tərəfdaşlığa meylli münasibətlərin qurulmasında maraqlı olmalıdır. Nəzərə almaq lazımdır ki, ötən dövr ərzində çoxsaylı təmaslar, görüşlər keçirilib. Eyni zamanda, Rusiya tərəfi 2022-ci il 22 fevral tarixində imzalanan mütəffiklik haqqında bəyannamənin mətninə, məzmuna uyğun olaraq addımlar həyata keçirməlidir”.
Günel CƏLİLOVA