İki gündür Prezident İlham Əliyevin MDB görüşünə getməməsinin səbəbləri müzakirə olunur. Aydın məsələdir ki, dövlət başçımızın özü daha konkret və tutarlı arqumentlərə malikdir. Bizdə isə əsaslı ehtimallar var və bunlar birlikdə diktə edir ki, Prezidentimiz düz elədi.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Kremlin mətbuat katibi Peskov hələ Zirvədən qabaq "Putin Əliyevlə də, Paşinyanla da təklikdə görüşəcək" deyərək "ikisi də ayağımıza gələcək" məntiqini diplomatik üsulla başlara yeritmək istəyəndə onun cavabı elə bu olmalı idi - MDB görüşünə getməmək...
Sonra, MDB üzvü olduğumuz təşkilat olaraq, Azərbaycana nə verib? MDB bizim nəzərimizdə elə Rusiya deməkdir. 30 ildən çox bizi təcavüzkarla bir masada əyləşdirib mənasız şəkildə gözlətmədi? 2020-ci ilə qədər - İlham Əliyev bütün geosiyasi imkanları cəmləyərək Rusiyanın üstünə yönəldib "Daha Qarabağ probleminin həllinə mane ola bilməzsən" mesajı ilə Rusiyanı kənarda durmağa məcbur edənə qədər belə davam etdi. Rusiya heç bundan sonra da Qarabağ münaqişəsinin tam həll olunmasını istəmirdi. Şuşa da daxil 3 rayonumuzu və bütün keçmiş Dağlıq Qarabağı erməni adı altında öz əlində saxlamaq istəmirdimi? Rusiya istəsəydi, daha əvvəllər Fransanı da, Amerikanı da bir kənara itələyib Ermənistanın ağzından vura bilməzdimi? Bilərdi... Ancaq Fransa və Amerikanı oyunda saxlamaqla "Qarabağ probleminin həllinə mane olan bunlardır" demək onun oyunlarına tam yarıyırdı...
MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq qurmaqda Azərbaycanın nə problemi var ki? Heç bir problem yoxdur. Və ya bir blokda olmadığımız Avropa ölkələri ilə Azərbaycan normal dialoq qurmayıb ki?!
Nəhayət, Düşənbə görüşündən sonra gərginlik səhifəsini geridə qoymaq istədiyini bəyan edən Azərbaycan Prezidenti qarşılığında nə gördü? Rusiyada diasporumuz yenə basqı altındadır, Kremldəki erməni torpedoçuları hələ susmayıb, "Rossotrudniçestvo" hələ də düşmənçilik aparır və sair. Bütün bunların qarşısında Prezident MDB-yə niyə getməli idi?!...”
Tahir TAĞIYEV