Elşad Həsənov: “Hesab edirəm ki, Qabbardın mülahizələri sadəcə cəfəngiyatdır”
“Vladimir Putinin Avropaya hücum etmək planı yoxdur”. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bildirib.
“Dərin dövlət”in müharibə qızışdırıcıları və onların təbliğat vasitələri bir daha Prezident Trampın Ukraynaya və daha geniş mənada Avropaya sülh gətirmək səylərini pozmağa çalışırlar. Həqiqət budur: ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya hətta Ukraynanı işğal etmək imkanına malik deyil. Avropanı “işğal etmək” qabiliyyətindən isə danışmağa dəyməz”– deyə Qabbard sosial mediada yazıb.
2017-ci ildə Qarabağa qanunsuz səfər edən, Xankəndidə “Papik-tatik” abidəsinin yanında şəkil çəkən Qabbard “Rusiya hətta Ukraynanı işğal etmək imkanına malik deyil” deməklə, əslində ictimaiyyəti, dünyanı aldadır. Bundan qabaq demişdi ki, Rusiyanın məqsədi bütün Ukraynanı ələ keçirmək deyil. Necə yəni Rusiya Ukraynanı işğal etmək imkanına malik deyil?
“Rusiya təkcə Donbası, Xerson və Zaporojye vilayətlərini yox, bütün Ukraynanı işğal etmək istəyir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard tez-tez fikirlərini, siyasi mövqeyini dəyişən bir siyasətçidir: “Əvvəla, Qabbard əvvəl Demokratlar Partiyasının üzvü olub. 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Co Baydeni dəstəkləyib. 2022-ci ildə isə Demokratlar Partiyasından istefa verərək Respublikaçılar Partiyasının üzvü olub. 2024-cü il prezident seçkilərində Trampı dəstəkləyib. Qabbard kimi siyasi baxımdan qeyri-ciddi bir şəxsin kəşfiyyat orqanının başına gətirilməsi böyük yanlışlıqdır. Bu, ABŞ kəşfiyyatının ciddiliyinə kölgə salır. Faktiki olaraq, Qabbard cəmiyyəti aldatmaq üçün müxtəlif yollara əl atır. Rusiyanın bu gün Avropanı işğal etmək imkanı yoxdur. Çünki Rusiya Ukraynada gedən müharibədə böyük resurslar itirir. Ancaq bu o demək deyil ki, Rusiyanın belə bir planı yoxdur. Avropada Rusiyanın hibrid hücumları, kəşfiyyat fəaliyyəti artıb. Rusiya PUA-ları tez-tez və məqsədyönlü şəkildə Avropa İttifaqı ölkələrinin hava məkanını pozur. Rusiya pulla orada bəzi siyasiləri əla alır, partiyaların fəaliyyətinə təsir edir. Bütün bunlar təhdid deyil bəs nədir? Məgər bunları Qabbard bilmir? Putin mətbuat nümayəndələri ilə son görüşündə bəyan etdi ki, biz Ukraynada məqsədimizə çatana qədər vuruşacağıq. Rusiya təkcə Donbası, Xerson və Zaporojye vilayətlərini yox, bütün Ukraynanı işğal etmək istəyir. Ondan sonra digər postsovet ölkələri hədəf alınacaq. Unutmaq olmaz ki, o öz imperiya maraqlarından imtina etməyib. Sadəcə, buna hələ imkanı yoxdur. Çünki müharibə uzandıqca hər iki tərəfin resursları tükənir. Ancaq Rusiyadan fərqli olaraq, Ukraynaya ciddi xarici yardımlar olur. Avroittifaq Ukraynanın iqtisadi yükünü öz üzərinə götürür. Bu baxımdan hesab edirəm ki, Qabbardın mülahizələri sadəcə cəfəngiyatdır. Özünə hörmət edən kəşfiyyat rəhbəri heç vaxt belə danışmaz. Halbuki, ABŞ kəşfiyyatı kifayət qədər ciddi məlumatlara malikdir”.
Vidadi ORDAHALLI