Brüsseldə pərdəarxasında Fransa-Almaniya gərginliyi qızışır. Britaniya mətbuatının məlumatına görə, Fransa prezidenti Makron bir neçə gün əvvəl Almaniya kansleri Fridrix Merzi Avropa Birliyinin sammitində tək qoyaraq, Ukrayna planını son anda çökdürüb.
“Financial Times”ın yazdığına görə, Makron Brüsseldə keçirilən kritik AB sammitindən əvvəl açıq şəkildə susub. Lakin pərdəarxası o, Almaniyanın dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün istifadə etmək planını sistematik şəkildə pozub.
Makronun komandası təklifin hüquqi risqlərinə diqqət çəkib və Fransanın aktivlərin qaytarılması nəzərdən keçiriləcəyi təqdirdə, zəmanətlər verməkdə çətinlik çəkəcəyi mesajı qapalı qapılar arxasında müzakirələri çətinə salıb.
Zirvə görüşü yaxınlaşdıqca Makron gözlənilmədən Belçika və İtaliya kimi plana məsafəli yanaşan ölkələrin yanında yer alıb. Beləliklə, Fridrix Merzin 210 milyard avro dəyərində Rusiya aktivlərini Ukraynaya köçürmək planı müzakirə masasından qaldırılıb.
Berlində bu addım "gözlənilməz bir geriləmə" kimi qəbul edilib. Fransa ilə birlikdə sammitə qatılacağını gözləyən Almaniya qarşısında parçalanmış bir cəbhə ilə üzləşib.
Zirvə görüşünün birbaşa şahidi olan yüksək vəzifəli AB diplomatı Britaniya mətbuatına Makronun Merzə xəyanət etdiyini və bunun bədəlini ödəyəcəyini bildirib.
Mənbə bildirib ki, Fransa siyasi acizlik səbəbindən İtaliyanın Baş naziri xanım Meloniyə sığınıb və bu seçim Fransa-Almaniya etimadını dərindən sarsıdıb.
Baş verənlər Avropanın iki böyük gücü arasında rol ciddi prblemin olduğunu açıq şəkildə ortaya qoyur. Merz dövründə Almaniya daha iddialı və qətiyyətli mövqe tutsa da, Fransa yüksək dövlət borcu və siyasi kövrəklik səbəbindən ləng hərəkət edir. Uzun illər Avropa Birliyini idarə edən Fransa və Almaniya aralarında indi tam bir etimadsızlıq hökm sürür.
Brüssel dairələrində indi Almaniyanın “təşəbbüskar tərəf”, Fransanın isə “tərəddüd edən güc” olduğu deyilir. Beyin mərkəzləri Parisin Makronun son vaxtlar başqa digər əsas məsələlərdə də geri çəkildiyinə diqqət çəkirlər. Digər tərəfdən AB zirvəsindən sonra Makronun Putinlə görüş mesajı verməsi də burada diqqət çəkən məqamlardan biridir.
Britaniya mətbuatına görə, bu böhran təkcə Ukrayna məsələsinə deyil, həm də müdafiə sənayesi və ticarət müqavilələri kimi vacib sahələrə də birbaşa təsir edəcək.
Tahir TAĞIYEV