20-21 dekabr tarixlərində Mayamidə keçirilməsi gözlənilən ABŞ-Rusiya təmasları Ukraynadakı müharibənin bitməsi baxımından həlledici mərhələ deyil, lakin prosesin hansı istiqamətə yönələcəyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.
Bu danışıqları anlamaq üçün təkcə Moskva və Kiyevin mövqelərinə yox, həm də Vaşinqtonda formalaşan daxili siyasi kontekstə, xüsusən Tramp administrasiyasının yanaşmasına diqqət yetirmək vacibdir.
Mövcud məlumatlar göstərir ki, ABŞ bu mərhələdə sürətli nəticə əldə etmək istəyir. Tramp administrasiyası müharibənin uzanmasını həm maliyyə, həm də siyasi baxımdan ABŞ üçün yük kimi görür və bu mövzunu daxili auditoriyaya “uğurlu sülh təşəbbüsü” kimi təqdim etməyə çalışır. Tramp üçün Ukrayna müharibəsi xarici siyasət məsələsindən daha çox şəxsi siyasi imic və liderlik ambisiyalarının bir hissəsinə çevrilib. O, özünü qlobal miqyasda “münaqişələri bitirən lider” kimi göstərmək niyyətindədir və bu, danışıqlara tələskənlik elementi əlavə edir.
Bu tələskənlik danışıqların formatında da özünü göstərir. Ənənəvi diplomatik kanallardan çox Trampa yaxın şəxslərin – Stiv Vitkoff və Cared Kuşner kimi siyasi yox, biznes və şəxsi etimad üzərində formalaşan fiqurların ön plana çıxması təsadüfi deyil. Bu yanaşma bir tərəfdən Moskva ilə daha çevik və qeyri-formal dialoq qurmaq imkanı yaradır, digər tərəfdən isə ABŞ daxilində və Avropada ciddi narahatlıq doğurur. Çünki bu, vahid və institusional dövlət siyasətindən çox, fərdi qərarlara əsaslanan diplomatiya təsiri bağışlayır.
ABŞ daxili siyasətində bu yanaşma birmənalı qarşılanmır. Demokratlar və bəzi Respublikaçılar Tramp administrasiyasını Ukraynanı faktiki olaraq təzyiq altında güzəştlərə sürükləməkdə ittiham edirlər. Onların fikrincə, Vaşinqtonun əsas hədəfi müharibəni dayandırmaq yox, onu tez bir zamanda “bağlamaqdır” və bu, Ukraynanın uzunmüddətli təhlükəsizliyi hesabına başa gələ bilər. Xüsusilə ərazi məsələsi və təhlükəsizlik zəmanətləri mövzusunda Tramp komandasının çevik mövqeyi Konqresdə ciddi şübhələr yaradır.
Digər mühüm məqam ABŞ-Avropa münasibətlərində yaranan gərginlikdir. Tramp administrasiyası Avropanın Ukrayna məsələsində daha sərt mövqe tutmasını istəmir və bəzən Brüsseli prosesdən kənarda qoyan addımlar atır. Berlin danışıqlarının nəticələrinin Rusiyaya məhz ABŞ tərəfindən təqdim olunması da Vaşinqtonun bu prosesi öz nəzarətinə almaq niyyətini göstərir. Bu isə Avropa paytaxtlarında narazılıq doğurur və Qərb daxilində mövqelərin tam uzlaşmadığını ortaya qoyur. ABŞ-ın Avropaya təzyiq edərək dondurulmuş Rusiya aktivləri və maliyyə mexanizmləri ilə bağlı öz planını qəbul etdirməyə çalışması bu ziddiyyətləri daha da dərinləşdirir.
Bütün bunlar Rusiya üçün əlavə manevr imkanları yaradır. Moskva ABŞ daxili siyasətindəki parçalanmanı və Trampın sürətli siyasi nəticə axtarışını yaxşı anlayır və bu danışıqlardan maksimum fayda götürməyə çalışır. Rusiya tərəfi Vaşinqtonun hansı nöqtədə kompromisə hazır olduğunu, Ukraynanın hansı güzəştlərə məcbur edilə biləcəyini və Qərbin nə dərəcədə birlikdə qala biləcəyini məhz bu formatda test edir. Kirill Dmitriyevin mümkün iştirakı da göstərir ki, söhbət təkcə hərbi-siyasi məsələlərdən yox, sanksiyaların gələcəyi və müharibədən sonrakı iqtisadi düzəndən gedir.
Nəticə etibarilə, Mayami danışıqları ABŞ-Rusiya münasibətlərində yeni səhifə açmaqdan çox, Tramp administrasiyasının daxili siyasi prioritetlərinin xarici siyasətə necə sirayət etdiyini ortaya qoyur. ABŞ-ın təşəbbüsü prosesə dinamika verə bilər, lakin bu dinamika ardıcıl və balanslı strategiya ilə müşayiət olunmasa, dayanıqlı sülhə yox, müvəqqəti razılaşmalara gətirib çıxara bilər. Ukrayna üçün əsas risq də məhz buradadır: Vaşinqtondakı daxili siyasi hesablamalar və Trampın şəxsi siyasi hədəfləri uzunmüddətli təhlükəsizlik maraqlarından daha ön plana keçə bilər. Bu isə sülhün tez əldə olunması ehtimalını artırsa da, onun davamlı olacağına dair sualları açıq saxlayır.
Akif NƏSİRLİ