Arzuxan Əlizadə: “Nikol hansısa əfv qərarının cəmiyyətdə həmrəylik yaratmayacağından ehtiyat edir”
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü Ermənistanda böyük rezonans doğurub. Bununla bağlı Ermənistan mediasında silsilə xəbərlər dərc olunub. Məlumatda Prezident İlham Əliyevin qərarının bənzərinin Ermənistanda uzun illərdir tətbiq edilmədiyi diqqətə çatdırılıb.
“2018-ci ildə hakimiyyət dəyişikliyindən bəri Ermənistanda əfv olmayıb. Hökumət nümayəndələrinin açıqlamalarına görə, yaxın gələcəkdə də əfv gözlənilmir”, – məlumatda vurğulanıb. Qeyd edək ki, Prezident İlham Əliyevin amnistiya qərarının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Çox maraqlıdır, belə məlum olur ki, 2018-ci ildən bəri Ermənistanda əfv olmayıb. Niyə?
“Ermənistandan fərqli olaraq, Azərbaycanda milli həmrəylik mövcuddur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar Ermənistanda hakimiyyətlə cəmiyyət arasında mövcud olan ziddiyyətlərdən xəbər verir: “Paşinyan demokrat kimi təbliğ edilsə də, əslində reallıq heç də belə deyil. Məsələ ondadır ki, 2018-ci ilin mayında Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə dövlətin gücündən öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə istifadə edib. Xüsusən siyasi fəalların həbsi, saxlanılması, onlara güc tətbiq edilməsi halları artıb. Paşinyana qarşı radikal müxalif mövqedən çıxış edənlərin bir çoxu dəfələrlə həbs edilib, polis zorakılığına məruz qalıb. Kilsə ilə hakimiyyət arasında ziddiyyətlər də artmaqda davam edir. Din xadimlərinin bəziləri həbs edilib. Biz görürük ki, Paşinyan potensial rəqiblərini neytrallaşdırmaq üçün güc vasitələrin tətbiqindən çəkinmir. Ona görə də hesab edirəm ki, Paşinyan imzalayacağı hansısa əfv qərarının cəmiyyətdə həmrəylik yaratmayacağından ehtiyat edir. Ona görə ki, erməni cəmiyyətinin bir hissəsi ziddiyyətli və xəstə təfəkkürə malikdir. Onların belə qərarlarla islah olunacağı real görünmür. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycanda milli həmrəylik mövcuddur. Prezident tərəfindən imzalanan istənilən əfv sərəncamı bu həmrəyliyin, sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Fikrimcə, iki xalq arasında fərq həm də budur. Əgər Paşinyanın özünə inamı böyük olsaydı, o, bu illər ərzində geniş amnistiya qərarı ilə çıxış edərdi. Görünür, onda bu inam yoxdur. Hər halda, bütün bunların arasında müəyyən əlaqələrin olduğunu istisna etmək olmaz”.
Vidadi ORDAHALLI