Xaqani Cəfərli: “Bunun səbəbi danışqıların yüksək səviyyəli olmaması və Almaniyanın bu danışıqlarda moderator qismində çıxış etməsi ilə bağlıdır”
Dekabrın 14-də Berlində Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff və amerikalı iş adamı, Trampın kürəkəni və baş müşaviri Cared Kuşner 20 maddəlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə “dərin müzakirələr aparıblar”. Bu barədə Uitkoff X sosial media platformasında yazıb.
Müzakirələrin əvvəlində Almaniya kansleri Fridrix Merz də iştirak etsə də, lakin sonra nümayəndəsini orada qoyaraq iclası tərk edib.
Merz X sosial media saytında yazıb: "Biz Ukraynada davamlı sülh istəyirik. Çətin problemlərlə üzləşirik, amma irəliləməyə qərarlıyıq".
Almaniya kansleri danışığı niyə tərk edib? Onun bu danışıqları tərk etməsinin səbəbi nədir?
Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Almaniya kansleri Fridrix Merz Berlində Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında qısa salamlaşmadan sonra danışıqları tərk edib: “Bunun səbəbi danışıqların yüksək səviyyəli olmaması və Almaniyanın bu danışıqlarda moderator qismində çıxış etməsi ilə bağlıdır”. X.Cəfərli vurğuladı ki, danışıqlar Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Ukrayna nümayəndə heyətinə daxil olan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov arasında gedib. “Yəni bu yüksək səviyyəli danışıqlar olmadığından, Almaniya kanslerinin iştirakı doğru olmazdı. Ona görə də danışıqlarda Almaniya tərəfindən moderatorluğu kanslerin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Sautter edib. Görüşdə baş verən bu hadisələr adi diplomatik qaydadır”-deyə X.Cəfərli bildirdi.
İradə SARIYEVA