İlyas Hüseynov: “Aİ-nin də əlində kifayət qədər media resursları, vətəndaş cəmiyyəti və digər təsir imkanları var ki, Ermənistana dəstək göstərsin”
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib ki, Ermənistan xarici müdaxilələrin qarşısının alınması ilə bağlı Avropa İttifaqından (Aİ) kömək istəyib. “Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün bu məsələdə Ermənistana necə köməklik edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan seçkilərə ölkə xaricindən müdaxilələrin qarşısının alınmasında bizim köməklik göstərməyimizlə bağlı müraciət edib”,- deyə Kallas bildirib.
Bundan əvvəl Kaya Kallas bildirmişdi ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya Ermənistana yönəlmiş dezinformasiya kampaniyasını gücləndirməyə başlayıb.
Aİ-nin bu tədbirləri gələn yayda Paşinyanın Rusiya tərəfindən devrilməsinin qarşısını ala biləcəkmi?
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, növbəti il Ermənistanda keçiriləcək parlament seçkiləri diqqətlə izlənilir və müxtəlif geosiyasi mərkəzlər bu seçkilərdən özləri nəticələr çıxarmağa çalışırlar. “Xüsusilə Rusiyanın bu seçkiləri fürsət kimi dəyərləndirməsi də mövcuddur. Eyni zamanda nəzərə almaq lazımdır ki, hibrid müstəvidə Rusiya kifayət qədər böyük nəticələr əldə edib və yaddan çıxarmayaq ki, 102-ci hərbi baza da daxil olmaqla Rusiyanın Ermənistana bir sıra təsir rıçaqları mövcuddur. Bu, siyasi, iqtisadi, sosial və hərbi məsələləri əhatə edir. Müttəfiqlik münasibətlərini hələ də qoruyub saxlayan hər iki dövlətin arasında soyuq münasibətlərin olması da heç kimə sirr deyil. Belə olan halda Ermənistanın müracəti əsasında növbəti il keçiriləcək parlament seçkilərində Aİ-dən dəstək umulması yeni bir mənzərəni formalaşdırır. Elə bu müraciətin edilməsinin özü də Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlarla bağlıdır”.
İ.Hüseynovun sözlərinə görə, əvvəlki dövrdə bu cür müraciətlərin edilməsini təsəvvür etmək də bir qədər çətin olardı və yaxud müraciətdən sonra dərhal Ermənistan cəzalandırılardı. “Bu gün isə reallıqlar dəyişib, ritorika, münasibət kifayət qədər başqa xarakter alıb. Aİ-nin də əlində kifayət qədər media resursları, vətəndaş cəmiyyəti və digər təsir imkanları var ki, Ermənistana dəstək göstərsin. Göründüyü kimi, gələn il Ermənistanda parlament seçkiləri kifayət qədər ciddi geopolitik mərkəzlərin də mübarizəsi kimi yadda qalacaq”-deyə İ.Hüseynov qeyd etdi.
İradə SARIYEVA