Suriya, İraq və Liviyada bəzi bölgələri ələ keçirən İŞİD terrorçuları indi də Misiri hədəf alıb. Son məlumatlara görə, terror təşkilatının Misir qolunun iki gün əvvəl Sina yarımadasında başlatdığı və çoxu əsgər ən az 70 nəfərin ölümünə səbəb olan hücumların miqyası böyüyür.
Baki-xeber.com xəbər verir ki, ordu qaynaqları yaraqlıların son dərəcə müasir ağır silahlardan istifadə etdiyini deyir. Misirin baş naziri İbrahim Mehleb ölkənin rəsmən müharibə vəziyyətində olduğunu açıqlayıb. Məlumatlara görə terrorçular Misirdə ilk dəfə bəzi yerləri ələ keçirib.
Misir ordusu terrorçulara qarşı uğurlu əməliyyat keçirildiyini desə də bölgədən gələn xəbərlər bunun tam əksini göstərir. Yerli jurnalistlər və bölgə sakinlərinin sözlərinə görə, İŞİD yaraqlıları Sinadakı Şeyx Zuveydi ələ keçirib və yolları minalayıb. Ordu ilə qarşıdurmalar davam edərkən IŞİD-in qısa bir müddət ərzində Sinadakı digər bir qəsəbə - El Arişi də ələ keçirə biləcəyi deyilir.
Hələlik qarşıdurmalarda 70 nəfərin öldüyü bildirilir, ancaq bəzi qaynaqlar ölü sayının 200-dən çox olduğunu deyir.
Misirdə Müsəlman Qardaşlar mənşəli prezident Məhəmməd Mursinin 2013-ci ildə devrilməsinin ardından Bədəvilərin məskunlaşdığı Sinada radikal islamçı qruplar orduya qarşı hücumları artırmışdı. Bir müddət əvvəl isə Ənsar Beyt əl-Makdis adlı bir qrup İŞİD-ə bağlandığını elan edərək "Sina Dövləti" adını götürmüşdü.
Terrorçuların Qəzzaya girməsinin qarşısını almaq üçün İsrail ordusu Misir torpaqlarında hərbi əməliyyatlara başlaya bilər
Onu da qeyd edək ki, İŞİD terror təşkilatı bu həftə Qəzzada rəhbərlikdə olan HƏMAS-ı təhdid edən bir mesaj yaymışdı. Mesajda Qəzzada şəriət elan edəcəkləri bildirilirdi. Indi İŞİD yaraqlılarının Misirin Qəzza sərhədindəki Sinada hərəkətə keçməsi, onların qısa müddətdə Qəzzaya da girə biləcəkləri narahatlığını yaradıb. Misirin belə bir ehtimalın qarşısını almaq üçün İsrailə ortaq hərəkət etmək təklifi göndərdiyi iddia edilir.
İsrail qəzeti "Haaretz”ə danışan Misir mənbələrinə görə, İŞİD Qəzzaya yaxınlaşacağı halda dövlət başçısı Abdülfettah əl-Sisi bunun qarşısını almaq almaq üçün İsrail ordusunu Misir torpaqlarında hərbi əməliyyatlara başlamağa dəvət edəcək. Mənbə artıq hər iki ordunun indidən belə bir ehtimal üçün təmasda ola biləcəyini də deyir.