Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində gizli bir Rusiya hərbi bazası qurulması əmrini verdiyi iddia edilir. Gizli inşa edilən hərbi bazaya tank və digər zirehli texnikalar da yerləşdirilib.
Baki-xeber.com xəbər verir ki, Ukrayna ordusunun pilotsuz kəşfiyyat aparatı "Dnipro-1" Rusiya ordusunun Ukrayna torpaqlarında inşa etdiyi hərbi bazanın şəkillərini kosmosdan çəkib. Pilotsuz hava aparatı tərəfindən ilk dəfə mayın 20-də çəkilən görüntülərdə Rusiyanın burada hərbi baza tikdiyi təsbit edilib.
"Dnipro-1"in iyunun 4-də çəkdiyi görüntülərdə isə inşaatın bitdiyi və ortaya böyük bir hərbi bazanın çıxdığı görülür. Ukraynanın şərqində Solntsevo ərazisində Minsk atəşkəs razılaşmasını pozaraq inşa edilən Rusiya hərbi bazasında təlim sahələri, bufet və əsgərlərin yataq otaqları var.
Peyk şəkillərində 70 rus əsgərinin Ural-4320 tipli hərbi maşınlarla birlikdə bazada olduqları da göstərilir. Rusiyanın qısa müddət içərisində inşa etdiyi hərbi bazaya tankların da gətirildiyi iddia edilir.