Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün təşkilatı Ermənistana təzyiq etməyə çağırıb. "İkili standartlara son qoyun" deyən millət vəkili AŞ PA-nı Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərə qarşı etiraz səsini ucaltmağa çağırıb.
Trend-in məlumatına görə, bu gün AŞ PA-da "Azad müzakirələr" zamanı Q.Paşayeva çıxış edərək AŞ PA-ya azərbaycanlı girovların ailələrinin çağırışını səsləndirib. O deyib: "Biz ötən sessiyada da bu məsələni qaldırmışdıq, baş katib cənab Yaqland da Assambleyada suallarımıza cavab verən zaman bu məsələnin həlli istiqamətində çalışdığını vurğulamışdı, amma bu günə qədər Ermənistan girov saxladıqları azərbaycanlı məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etmirlər. Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurası tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız".