İyunun 23-ü səhər saatlarında polis tərəfindən su şırnaqları və güc tətbiq edərək dağıdıldıqdan sonra etirazçılar İrəvanən mərkəzində Bağramyan prospektini bağlı saxlayır.
Aksiya iştirakçıları onlara qarşı hazırlanan təxribatla bağlı məlumat əldə etdiklərini bildiriblər. Trend-in "News.am”a istinadən verdiyi məlumatda deyilir ki, oturaq piket iştirakçısı Maksim Sarkisyan İrəvan polis rəisinin müavini Valeri Osipyana Kaskad ərazisində mülki geyimdə olan insanların yoldan keçənlərə dəyənək payladığını bildirib. M.Sarkisyan polisi məlumatı dəqiqləşdirməyə çağırıb.
Etiraz aksiyaları Ermənistanın digər bölgələrinə də yayılır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link Ermənistan hökumətini İrəvanın mərkəzində dinc aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa çağırıb. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, Ermənistan ATƏT-in bütün üzv ölkələri kimi üzərinə sərbəst toplaşmaq azadlığını təşviq və müdafiə etmək öhdəliyi götürüb və indi Yerevanda etirazçıların bu azadlığına hörmətlə yanaşılmalıdır.
M.Link həmçinin bildirib ki, su şırnağından istifadə edilməsi və yüzlərlə aksiya iştirakçısının həbs edilməsi ciddi narahatlığa səbəb olur.
O qeyd edib ki, qeyri-adekvat gücün tətbiq edilməsi, əsassız həbslər barəsində bütün məlumatlar qərəzsiz olmalı, günahkarların məsuliyyətə cəlb edilməsi üçün detallı və operativ şəkildə araşdırılmalıdır.
"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsi də Ermənistanda polislərin dinc nümayişçilərə qarşı hərəkətləri ilə bağlı tənqidi bəyanatla çıxış edib. Komitə Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləyib və konstitusiya çərçivəsində hərəkət edən vətəndaşları təqib etməyi dərhal dayandırmağa çağırıb.
Çağırışda, həmçinin Ermənistan hakimiyyətindən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.
Bu arada, Ermənistanın Kiyevdəki səfirliyi qarşısında onlarla insan İrəvanda elektrik enerjisi tariflərinin bahalaşmasına etiraz edən nümayişçilərə dəstək aksiyası keçirib. 40 dəqiqə davam edən aksiya "Azadlıq-bərabərlik-qlobal həmrəylik!” və "Polis terroruna YOX!” şüarları altında keçirilib.
"Qafqaz beynəlxalq geotarix və geosiyasi araşdırma mərkəzi" assosiasiyasının prezidenti, tarix elmlər doktoru, professor Quram Marxuliya Trend-ə açıqlamasında bildirib ki, çox güman ki, Serj Sarkisyan rejimi ən yaxın vaxtlarda süqut edəcək.
Onun sözlərinə görə, Sarkisyan rejimi I Avropa Oyunlarının başa çatmasınadək süqut edəcək və hakimiyyətə yeni siyasi qüvvələr gələcəklər: "Ermənistandakı etirazlar siyasi problemlərlə bağlıdır".
Q.Marxuliya qeyd edib ki, Ermənistan hakimiyyəti sərhəddə, eləcə də Dağlıq Qarabağda qoşunların təmas xəttində təxribatlar törətməklə xalqın diqqətini etirazlardan yayındırmağa çalışa bilər: "Bu baxımdan Ermənistan və Gürcüstan arasında hansısa problemlərin ola biləcəyini istisna etmirəm. Azərbaycan və Gürcüstan hərbi sahədə məsələlərin həllinə hazır olmalıdırlar".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan hansı gücə və imkanlara malik olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi: "Azərbaycan Dağlıq Qarabağı qaytarmaq gücündədir".