Bir neçə gündür Yerevanda baş verən toqquşmalar və getdikcə böyük miqyas alan, Ermənistanın digər şəhərlərinə yayılan nümayişlərə şahid oluruq. Azərbaycanın ictimai-siyasi həyatına dair hər məqamda bəyanat və müraciətlə çıxış edən, qətnamə qəbul edən, məqalələr dərc edənlər bu dəfə nədənsə susurlar. Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Yerevanda polisin nümayişçiləri dağıtmasını şərh edərkən deyib.
O bildirib ki, Qərbin Yerevandakı hadisələrə ilkin reaksiyası kifayət qədər zəifdir: "Qərb bir tərəfdən hökuməti güc tətbiq etməməyə çağırdı, digər tərəfdən etirazçılara haqq qazandırdı. Belə olduğu halda, bu bəyanatın arxasında nələrin durduğunu başa düşmək mümkün deyil. Hüquq müdafiə təşkilatları da susur. Operativ şəkildə antiazərbaycan məqalələri dərc edən aparıcı qərb mətbuatı da nədənsə "kar olub””.
F.Sadıxov qeyd edib ki, normalda Ermənistandakı hadisələrə qiymət verməli olan Qərbin aparıcı siyasətçiləri və dövlət xadimlərinin də səsi gəlmir: "Qərbdə bir çox aparıcı dairələrin nümayiş etdirdiyi siyasi riyakarlıq, işğal olunmuş ərazilərə görə dəyişdirilən AŞ PA qətnamələri - bunların hamısı Qərbin və Avropanın aparıcı dairələrinin beynəlxalq hüquq və ədalət normalarına əsaslanmadığından xəbər verir ki, bu da kədərləndirir və narahatlığa səbəb olur”.
Politoloq bildirib ki, Qərbin belə davranışı tendensiya və siyasi xarakter daşıyır, dünya siyasətində, xüsusilə Cənubi Qafqaz regionunda baş verənlərin qiymətləndirilməsində subyektiv yanaşmaya əsaslanır.
Sonda F.Sadıxov qeyd edib ki, nəticədə bunlar prinsiplərini, milli maraqlarını müdafiə edən və baş verən hadisələrə qərb dövlətlərinin reaksiyasına uyğun şəkildə cavab verən Azərbaycanın mövqeyini təsdiqləyir.
Beynəlxalq ictimaiyyətin Yerevandakı hadisələrə reaksiya verməməsinin arxasında güclü erməni diasporu durur və diasporun dəstəyinə arxalanan Ermənistan hakimiyyəti istədiyi hər şeyi edir. Bu barədə Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, güclü erməni diasporunun bir çox ölkələrdə - ABŞ, Fransa və digər Avropa ölkələrində güclü təsir gücü var: "Yerevanda son həbslər və jurnalistlərin döyülməsi, güc tətbiq etməklə etirazçıların dağıdılması – sosial və iqtisadi süquta məruz qalan ölkədəki bütün bu hadisələr beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmir”.
A.Mollazadə qeyd edib ki, dünyada heç kim Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və etnik təmizləmə aparmasına məhəl qoymursa, onda Yerevandakı son "xırda məsələlər”, sözsüz, diqqətə səbəb ola bilməz.