Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz edən aksiya iştirakçıları onlara qarşı hazırlanan təxribatla bağlı məlumat əldə etdiklərini bildiriblər.
Trend-in "News.am”-a istinadən verdiyi məlumatda deyilir ki, oturaq piket iştirakçısı Maksim Sarkisyan İrəvan polis rəisinin müavini Valeri Osipyana Kaskad ərazisində mülki geyimdə olan insanların yoldan keçənlərə dəyənək payladığını bildirib. M.Sarkisyan polisi məlumatı dəqiqləşdirməyə çağırıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixail Georq Link Ermənistan hökumətini İrəvanın mərkəzində dinc aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağa çağırıb. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, Ermənistan ATƏT-in bütün üzv ölkələri kimi üzərinə sərbəst toplaşmaq azadlığını təşviq və müdafiə etmək öhdəliyi götürüb və indi Yerevanda etirazçıların bu azadlığına hörmətlə yanaşılmalıdır.
M.Link həmçinin bildirib ki, su şırnağından istifadə edilməsi və yüzlərlə aksiya iştirakçısının həbs edilməsi ciddi narahatlığa səbəb olur.
O qeyd edib ki, qeyri-adekvat gücün tətbiq edilməsi, əsassız həbslər barəsində bütün məlumatlar qərəzsiz olmalı, günahkarların məsuliyyətə cəlb edilməsi üçün detallı və operativ şəkildə araşdırılmalıdır.
"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsi də Ermənistanda polislərin dinc nümayişçilərə qarşı hərəkətləri ilə bağlı tənqidi bəyanatla çıxış edib. Komitə Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləyib və konstitusiya çərçivəsində hərəkət edən vətəndaşları təqib etməyi dərhal dayandırmağa çağırıb.
Çağırışda, həmçinin Ermənistan hakimiyyətindən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.