Mayın 9-da Rusiyada İkinci Dünya Müharibəsində qazanılan qələbənin 70 illiyi təntənəli şəkildə qeyd olunduqdan sonra indi xüsusi maraq doğuran məsələ Moskvanın bundan sonra Ukraynada hansı siyasət yeridəcəyidir. Çünki bu vaxta qədər Qərb dairələri xəbərdarlıqla çıxış edirdilər ki, məhz qələbənin qeyd olunmasından sonra Rusiya Ukraynada daha aqressiv siyasət yürütməyə başlayacaq. Əsas məqsəd isə Kiyevdə Rusiyameylli qüvvənin hakimiyyətə gətirilməsinə nail olmaqdır. Hazırda Qərbdə böyük narahatlıq Rusiyanın bu istiqamətdə siyasətini mütləq şəkildə reallaşdırmaqda israrlı olmasıdır.
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet bildirir ki, Rusiyanın yardımı ilə Donbasdakı terrorçular yeni hücuma hazırlaşır. Onun sözlərinə görə, Rusiya "Novorossiya" ordusunun hazırlanması ilə bağlı intensiv təlimlər keçirir: "Rusiya artıq özünün "torpaq-hava" raketlərini Ukraynanın münaqişə bölgəsinə yaxın regionlarında yerləşdirib. Separatçıların lideri Aleksandr Zaxarçenko bir müddət öncə "Şpigel" jurnalına müsahibəsində əsas hədəfinin Donbasdakı bütün əraziləri tutmaq olduğunu bildirmişdi. Bu həqiqətən də onun hədəfidirsə, demək ki, Zaxarçenko artıq Minsk razılaşmasını çoxdan unudub". ABŞ-ın müdafiə naziri Eşton Karter də vəziyyətin yaxşı olmadığını bildirir: "Rusiya, çox böyük ehtimalla, Donbasa yeni hücuma hazırlıq görür". Onun sözlərinə görə, artıq Rusiyanın Ukraynadakı separatçıları dəstəkləməsi şübhəsizdir: "Rusiya hərbi əməliyyatların yeni raunduna hazırlaşır. Bu, Minsk razılaşmasına tam ziddir. Görünür, NATO-nun Avropa qoşunlarının komandanı general Bridlav haqlı imiş". Qeyd edək ki, bir müddət əvvəl NATO-nun Avropa qoşunlarının komandanı, general Filipp Bridlav Rusiyanın Donbasda mümkün yeni hücumlarla bağlı hazırlıq gördüyünü bildirmişdi.
NATO-nun Avropadakı qüvvələrinin sabiq komandanı Uesli Klark da daha öncə bildirib ki, Rusiya qüvvələrinin Ukraynanın şərqinə hücumu mayın 9-dan sonra başlaya bilər: "Belə görünür, daha geniş spektrli münaqişənin bərpası qaçılmazdır. Ümid edirəm, ABŞ bütün zəruri tədbirləri görəcək ki, bunun qarşısını alsın. Minsk anlaşması zəif işləyir, ona görə ki, ağır hərbi texnika geri çəkilsə də sərhədin yaxınlığında gizlədilib, Rusiya isə hələ də separatçılara kömək edir". Generalın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çatdırmaq üçün strateji əməliyyat hazırlamalı və prezident Vladimir Putini çəkindirməlidir. Onun sözlərinə görə, ABŞ Ukraynaya öldürücü silahlar verməlidir. Hazırda ABŞ administrasiyasının Ukraynaya silah yardımı etmək imkanı yoxdur, çünki bunun üçün Konqresdən icazə alınmalıdır. Klarkın fikrincə, bu siyasəti dəyişmək mümkün olmasa, ən azından bu yardımı toplamaq, Ukraynaya doğru hərəkət etdirmək və mesaj vermək olar. Klark deyib ki, hazırda Ukraynanın peyk kəşfiyyatı dəstəyinə, uzaqvuran, mobil tank əleyhinə sistemlərə, teplovizorlarla təchiz edilmiş sistemlərə, taktiki rabitə vasitələrinə, uzaqmənzilli artilleriya radarlarına, pilotsuz kəşfiyyat təyyarələrinə, kəşfiyyat məlumatları toplamaq üçün müasir vasitələrə ehtiyacı var. Amerikalı generalın fikrincə, artıq indidən Ukraynaya silah göndərmək lazımdır ki, hücum anına hazır olsun. O, bütün bunlarla yanaşı, Putinin iştahasının yalnız Ukrayna ilə kifayətlənəcəyini düşünməyin yanlış olduğu və Baltik ölkələri və Polşaya da hücumun istisna edilmədiyi haqda xəbərdarlıq edib.
Məhz belə bir vaxtda Litva Müdafiə Nazirliyinin kəşfiyyat departamentinin hesabatına əsasən, Rusiyanın Ukraynada hərbi qüvvə tətbiq etməsi, daim güc nümayiş etdirməsi Litvanın təhlükəsizliyi ilə bağlı situasiyaya təsir edir. Kəşfiyyatın qənaətinə görə, Rusiya NATO üzvlərinə qarşı açıq hərbi müdaxiləyə cəsarət etməsə də, Baltik dənizi regionu ölkələrindən birinə qarşı hibrid müharibə taktikasını işə sala bilər. Bu, gizli hərbi vasitələrin istifadəsini nəzərdə tutur: "İstisna etmək lazım deyil ki, Rusiya bu vasitələrdən alyansa üzv ölkələrdən birinə qarşı istifadə edə bilər. Rusiya ümid edir ki, NATO mürəkkəb qərar qəbulu mexanizmi üzündən, habelə alyansa üzv olan ayrı-ayrı ölkələrin maraqlarının fərqlənməsi səbəbindən bu situasiyaya adekvat və çevik reaksiya verə bilməyəcək". Hesabata əsasən, Rusiya hərbi sferada xərclərini davamlı olaraq artırır, strateji əhəmiyyətli Qərb istiqamətində hərbi aktivliyini yüksəldir. Kəşfiyyat bildirir ki, Rusiya Kalininqrad vilayətində yerləşən hərbi qruplaşmanı regiona əlavə qüvvələri yeritməklə sürətlə gücləndirə bilər. Eyni narahatlığı digər Baltikyanı və Şərqi Avropa ölkələri də ifadə edir. Məhz belə bir vaxtda məlum olub ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus "Ross" gəmisi 21 mayda Qara dəniz sularına daxil olacaq. Hazırda regionda NATO-ya məxsus heç bir gəmi yoxdur. Halbuki, Ukraynada vəziyyətin kəskinləşməsindən sonra NATO bilavasitə dənizdə fəaliyyətinin aktivləşməsi haqqında qərar qəbul etmişdi. Bu ilin mart ayında Qara dənizə ittifaqın 6 hərbi gəmisi daxil olmuşdu. Ancaq onlar da 21 gün sonra geri qayıtmaq məcburiyyətində qalmışdı. Belə ki, 1936-cı ildə imzalanmış boğazların statusu haqqında Montre Konvensiyasına əsasən, Qara dənizə çıxışa malik olmayan ölkələrin hərbi gəmiləri bu sularda 21 gündən artıq qala bilməz. İndi isə ABŞ bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirməyə xüsusi maraq göstərir və bu da Moskva tərəfindən olduqca sərt qarşılanır.