Avropa qaz bazarı uğrunda başlanan rəqabət getdikcə daha kəskin xarakter almağa başlayır. Hazırda bu rəqabət əsas etibarı ilə Azərbaycan və Rusiya arasında müşahidə olunmaqdadır. Özü də məsələnin maraq doğuran tərəfi odur ki, Avropa yeni mənbə kimi qazı əsas etibarı ilə Azərbaycandan almaq niyyətindədir. Lakin enerci kimi gəlirli və böyük təsir vasitəsinə malik predmetin əldən çıxmasını istəməyən Rusiya da geri çəkilmək niyyətində deyil. Hazırda Kremli maraqlandıran əsas məsələ öz qazını mümkün qədər tez Türkiyəyə çatdırmaq, bu xüsusda bütün ziddiyyətləri aradan qaldırmaqdır.
Məhz belə bir vaxtda bəlli olub ki, Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti Rusiya qazının satış qiymətində güzəştə gedilməsinə dair ilkin anlaşma əldə edib və yaxın zamanlarda bu anlaşma sənədləşdiriləcək. "Kommersant" qəzetinin məlumatına görə, "Qazprom" şirkəti Türkiyənin "Enerco Enerji", "Bosphorus gas", "Avrasya gaz", "Shell", "Bati Hatti", "Akfel gas" və "Kibar Enerji" kompaniyaları ilə ortaq nəticəyə gələ bilib. Razılığa əsasən, Rusiya bundan sonra həmin şirkətlərə ilin birinci kvartalında min kubmetr qazı 300 dollara, ikinci kvartalında isə 260 dollara satacaq. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, müqavilə bu il yanvarın 1-dən etibarən qüvvəyə minmiş sayılır. Buna görə də "Qazprom" türk şirkətlərinə 250-300 milyon dollar həcmində pul qaytarmış olacaq. Qeyd edək ki, bundan öncə Türkiyə Rusiyadan min kub metr qazı 374 dollara alırdı. Bu isə Moskvanın Avropaya satdığı qazın qiymətindən bahadır. Elə bu da Türkiyəni narazı salır və Rusiyadan bu ölkəyə çəkiləcək "Türk axını" kəmərinin də taleyini sual altına alırdı. Lakin indi Moskva vəziyyəti dəyişir. Bu arada daha bir diqqətçəkən məqam Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin Ankarada Türkiyənin enerji naziri Taner Yıldızla "Türk axını" qaz kəməri layihəsinə dair növbəti danışıqlar aparmasıdır. Danışıqlardan sonra Aleksey Miller bildirib ki, "Türk axını" kəmərinin istismara verilməsi 2016-cı ilin dekabrına planlaşdırılır:"Türkiyə ilə Rusiya arasında "Türk axını" kəmərinin 2016-cı ilin dekabrında istismara verilməsinə və kəmərlə qaz nəqlinin başlamasına dair razılaşma əldə olunub". "Qazprom" rəhbəri deyib ki, Rusiya holdinqi layihəyə dair iş qrafikini bu razılaşmaya uyğun müəyyən edəcək. Bu isə o deməkdir ki, "Qazprom" Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini azı 3 il qabaqlamağa hazırlaşır. "Türk axını" layihəsinə əsasən, "Qazprom" Qara dənizin dibindən Türkiyəyə kəmər çəkəcək. Bu kəmər Türkiyənin Yunanıstanla sərhədinə qədər uzanacaq, oradan isə təxmin olunan marşruta görə Albaniya, Monteneqro, Bosniya-Herseqovina və Sloveniyadan keçməklə mərkəzi Avropaya istiqamət alacaq.
Azərbaycan qazı isə tikilməkdə olan TANAP kəməri ilə Türkiyə-Yunanıstan sərhədinə nəql ediləcək. Oradan tikintisi hələ başlamayan TAP kəməri ilə Yunanıstana, İtaliyaya və Albaniyaya istiqamət alacaq. Beləliklə, "Qazprom" Türkiyə tərəfi ilə danışıqlar apararaq "Türk axını" kəmərinin 2016-cı ilin sonundan gec olmayaraq işə düşməsinə dair razılıq əldə edib. Əlbəttə, bu tarixin nə qədər real olduğunu demək hələ çətindir. Çünki "Türk axını" kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması hələ başa çatmayıb. Kəmərin tikintisinin bu qədər qısa müddətdə başa gələcəyi inadırıcı görünmür. Bununla belə, "Qazprom" göstərilən müddətdə tikintini başa çatdırmaq imkanında olduğuna hamını əmin etməyə çalışır. Belə görünür ki, "Qazprom" 2016-cı ilin sonuna qədər kəmərin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini başa çatdırmaq istəyir. Lakin Avropa Rusiyanın belə iddialı gedişləri ilə barışmaq istəmir. Belə ki, Avropa Komissiyası artıq "Türk axını" ilə bağlı bu planın mümkünlüyünü analiz etməyə başlayıb. Məlumatlara görə, Avropa Komissiyası bu planın mümkünlüyünü iqtisadi yaşam qabiliyyəti, həmçinin normativ-hüquqi məqsədəuyğunluğu və nəticələri baxımından analiz edir. Avropa Komissiyasından bunu da əlavə ediblər ki, hər bir halda, Avrokomissiya ümid edir ki, tərəflər Avropa Birliyinin müvafiq normalarına, məsələn, dövlət satınalmaları və şəbəkəyə buraxılış kimi məqamlara əməl edəcək və mövcud müqavilələrdən irəli gələn öhdəliklər yerinə yetiriləcək. Belə bir vaxtda Serbiya prezidenti Tomislav Nikoliç bildirib ki, "Türk axını"nın Serbiya ərazisindən inşasını mümkünsüz sayır: "Düşünürəm ki, "Türk axını"nın reallaşması mümkünsüzdür və biz bu istiqamətdə qaz almayacağıq". Ekspertlər hesab edir ki, Avropanın mövqeyi Azərbaycandan çəkilən qaz layihəsinin "Türk axını"na nisbətən daha tez həyata keçməsinə imkan verəcək. Xatırladaq ki, Rusiya "Cənub axını" layihəsini əvəz edəcək "Türk axını" ideyasını ötən ilin sonunda ortaya atıb. 2014-ci il dekabrın 1-də "Qazprom"la Türkiyənin "Botaş" şirkəti "Qara dəniz"in dibi ilə Türkiyəyə qaz kəmərinin çəkilməsinə dair memorandum imzalayıb. Kəmərin buraxılış gücü 63 milyard kubmetr olacaq. 1100 km-lik kəmər dörd hissədən ibarət olacaq və Yunanıstan-Türkiyə sərhədinə 47 milyard kubmetr qaz çıxaracaq. Lakin Avropa bu layihəyə qarşıdır.