Bu gün Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədilə təşkil olunan aksiyaya Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilmiş bəzi şəxslər də qatılıb. İştirakçılar Müsavat rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara öz etirazlarını bildirərək partiya rəhbərliyinin dəyişməsini, növbədənkənar qurultay çağırılmasını, xaric olunanların partiyaya bərpasını tələb ediblər.
Aksiya zamanı "İstefa!”, "Müsavat ailə partiyası deyil!”, "Müsavat xalqın partiyasıdır!”, "Növbədənkənar qurultay çağırılsın!” və digər şüarlar səsləndirilib, Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulması tələb olunub və hazırkı başqan istefaya çağırılıb. Çıxış edən partiyanın sabiq üzvü Əlövsət Sadıxlı Müsavatın sonuncu qurultayındakı qanun pozuntularını xatırladıb və Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvini tələb edib.
Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və digərləri də çıxışlarında Müsavat rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.
Sonda aksiyanın qətnaməsi oxunub və partiya rəhbərliyinə təqdim olunub.
Müsavat Partiyasının rəhbərliyi partiyanın qərargahı önündə keçirilən etiraz aksiyasına münasibət bildirib. Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında aksiyanın təşkilatçılarını "Müsavatın daxilinə yerləşdirilmiş agentura şəbəkəsinin üzvləri” adlandırıb. O, aksiyada iştirak edənləri partiyaya xəyanətdə ittiham edərək bildirib ki, onlar barədə partiyanın ciddi qərarları olacaq: "Artıq partiyaya qarşı heç kimdə şübhə olmayan təxribat fəaliyyətini genişləndirən şəxslərin partiyadan qovulması məsələsini əsaslı şəkildə qaldıracağam. Ümid edirəm ki, digər şəxslər də bu məsələyə partiya maraqları nöqteyi-nəzərindən yanaşacaqlar. Bu aksiyanın keçirilməsi həmin şəxslərin Müsavatda qalmayacağının sübutudur”.