"İrqi zəmində zorakılıqlar dünyanın müxtəlif ölkələrində baş verir və hər bir ölkə bunu etiraf edərək, sözügedən məsələnin həllinə çalışmalıdır”. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə müavini Derek Hoqanın ABŞ-da irqi zəmində yaranmış gərginlik və polis zorakılığı mövzusunda "Facebook”da təşkil etdikləri yazışmada deyilir.
Yazışmada qeyd olunur ki, Birləşmiş Ştatlar irqi ayrı-seçkilik probleminin araşdırılması və etiraf olunması istiqamətində uzun yol keçib: "Amma deyə bilmərik ki, bu iş tamamlanıb. Biz bunu hökumətimizin ən yüksək səviyyəsində başa düşürük. İstərdik ki, siz ABŞ-da polis zorakılığı barədə olan məlumatların yaranmasının səbəbini nəzərdən keçirəsiniz. Bu məlumatların gündəmə gəlməsi məhz ondan ibarətdir ki, biz problemi işıqlandırmağa çalışırıq. Amerika heç bir vaxt mükəmməl olduğunu iddia etməyib. Problemlərimizi gizləməyə yox, onları həll etməyə çalışırıq”.
Diplomatlar bildiriblər ki, bəzən insanları və əmlakı qorumaq üçün gücdən istifadə labüddür: "Baltimorda müstəntiqlər aşırı gücdən istifadə ehtimalının olduğu qənaətindədirlər. Etirazçılar qəzəblənəndə, kütləni qovarkən polisin gücdən istifadə etməsi düzgün idimi? Bu məqamda ABŞ Konstitusiyasına edilən Birinci Düzəlişin insanlara dinc şəkildə toplaşmaq hüququ verdiyini xatırlatmaq lazımdır. Burada "dinc” sözü vurğulanmalıdır, çünki etirazlar zorakılığa yol açarsa, hüquq-mühafizə orqanları müdaxilə etmək, insanları və əmlakı qorumalıdır. O da qeyd olunmalıdır ki, Baltimordakı zorakılıq bundan öncə şəhərdə yer alan bir neçə günlük dinc nümayişlərə də kölgə saldı. İnsanlar qəbuledilməz hesab etdikləri polis zorakılığına diqqət çəkmək üçün öz toplaşmaq azadlıqlarından istifadə edirdilər. Nümayişlər məcradan çıxmamışdan xeyli öncə hakimiyyət bu çağırışları eşidib və 6 polis əməkdaşı barədə cinayət işinin açılması ilə nəticələnən istintaq aparıb”.