"Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir vaxtda İsveç Olimpiya Komitəsinin Azərbaycandakı "repressiya” iddiaları əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi bir daha bu məsələdə xüsusi maraqların olduğunu göstərir. Bu gün istər İsveç, istərsə də digər dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşulması bizim Avropa ölkələrinə olan inamımızı ciddi şəkildə sarsıdır". Bunu Trend-ə açıqlamasında "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı beynəlxalq hüquq normalarını əsas gətirən dövlətlər ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqelərinin möhkəmlənməsinə təsir göstərmək istəyirlər: "Azərbaycan oxşar vəziyyətlə bir neçə dəfə rastlaşıb. Bu dairələrin istər seçki zamanı, istər "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi, istərsə də hazırda Avropa Oyunları zamanı aktivlik nümayiş etdirməsi təsadüfi deyil. Amma bütün bunlar birmənalı olaraq Azərbaycanın yürütdüyü müstəqil siyasətə heç bir zərər gətirmir və gətirməyəcək də. "Avroviziya"dan sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmədimi?! Bunun da öhdəsindən layiqincə gələcəyik”.